Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan əsgər Aqşin Nəsibovun təltif olunduğu orden və medal atasına təqdim edilib

27 dekabr 2023 | 19:29

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı.

Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Aqşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncama əsasən orden və medala layiq görülənlər arasında Qazaxın igid, mərd oğullarının da adı var.

Müvafiq Sərəncama əsasən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn gizir Şəmşiyev İlham Şakir oğlu, gizir Əhmədov Elvin Qələndər oğlu, (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, əsgər Nəsibov Aqşin Vasif oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni“Vətən uğrunda” medalı ilə təltif olunublar.

Dekabrın 27-də əsgər Nəsibov Aqşin Vasif oğlunun təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, şəhidimizin vaxtilə xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları Canalı kəndində şəhidimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalı igid Vətən oğlunun atası Vasif Nəsibova təqdim ediblər.

Görüş zamanı şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağı, bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borclu olduğumuz söylənilib. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə, Xankəndində üçrəngli bayrağımızın dalğalanmasına görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuz qeyd edilib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağı vurğulanıb.

Övladının təltif olunduğu orden və medalı qəbul edən şəhid atası oğlu Aqşinlə, bütün şəhidlərimizlə fəxr etdiyini bildirib. Qəhrəman övladının təltif olunduğu orden və medalı qəbul etməyin çətin olduğu qədər də şərəfli, qürurverici olduğunu söyləyib. Dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildirib. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq edib.

Məlumat üçün bildirək ki, Nəsibov Aqşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin IX sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin Mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Aqşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Ölümündən sonra cənab Prezident İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni“Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

Keçidlər