Şriftin ölçüsü :

Saytın rəngi :

Qarapapaq kəndində səyyar görüş keçirilib

01 iyun 2023 | 17:28

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, dövlət hər zaman vətəndaş məmnunluğunu əsas götürür. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da daim diqqətdə saxlanılır. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib.

İcra başçısının bu ay üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü iyunun 1-də rayonun Qarapapaq kəndində olub. Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb.

İcra başçısı bütün kəndlərimiz kimi, Qarapapaq kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 8 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 5 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi, 1 nəfər Çernobıl əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  

Son illər rayonda, eləcə də kəndlərdə aparılan genişmiqyaslı abadlıq işlərindən söz açan rayon rəhbəri Qarapapaq kəndinin də həmin kəndlər sırasında olduğunu söyləyib.

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, şəhərə yaxın yerləşən Ağköynək və Qarapapaq kəndlərinin də su xəttinin çəkilməsinin layihəyə salındığını qeyd edib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı Qarapapaq kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qarapapaq kəndində əkin sahəsinin 197,5 hektardan 340 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Qarapapaq kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri 3 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. İcra başçısı bütün kəndlərdə, o cümlədən də Qarapapaq kəndində suvarma suyunun yaxşılaşdırılması üçün arx və kanallarda aparılan təmizlik işlərinin, eləcə də gecə və gündüz növbəliliyinə əməl olunmasının böyük rol oynadığını bildirib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 11 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin Vətən müharibəsi əlili, 9 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri Ağköynək və Qarapapaq kəndlərində mərkəzi yolun asfaltlandığını, digər ara küçələrdə də nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda, Ağköynək, Qazaxbəyli, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar kəndlərində kəndarası yolların qum-çınqılla cari təmir olunduğunu bildirib. Hazırda Qarapapaq kəndində kəndarası yolun cari təmir olunduğunu, qum-çınqıl döşənərək hamarlandığını və bu işlərin davam etdirildiyini vurğulayıb.

Sakinlərdən Birinci Qarabağ müharibəsi şəhidi Nəsimi Hüseynovun qardaşı İsmi Hüseynov qardaşının xatirəsini əbədiləşdirən bulağın tikilməsinə görə rayon rəhbərliyinə əziyyəti keçən insanlara razılığını ifadə edib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sakinlərin pay torpaqlarının suvarılması üçün Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihələndirilən zaman tikinti altında qalan su ötürücülərinin qoyulması ilə bağlı müraciətlərinə cavab olaraq məsələnin nəzarətdə olduğu və həlli ilə bağlı aidiyyəti üzrə müraciət edildiyi bildirilib. Yararsız vəziyyətdə olan kəndarası yolların təmir olunması ilə bağlı müraciətlərinə cavab olaraq hazırda Qarapapaq kəndində kəndarası yollara qum-çınqıl döşənərək hamarlandığı və işlərin davam etdiyi qeyd edilib.

Keçidlər