Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Dövlət Sosial-İqtisadi Kollecində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

31 mart 2023 | 19:30

Martın 31-də Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, kollecin müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə soyqırım qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 31 Mart soyqırımına həsr edilmiş tədbirin əhəmiyyətindən danışıb. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı xalqımızın yaddaşında qanla yazılmış bir soyqırımdır. Azərbaycan xalqına, ümumiyyətlə, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir. Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman qanlı soyqırım hadisələri törətməklə xalqımızı insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırıma və deportasiyaya məruz qoymuşlar. Bu dəhşətli, qanlı hadisələrdən biri 1918-ci ilin mart, aprel aylarında yaşanmış, öz vəhşiliyi ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. 

Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu Fərman ermənilərin törətdiyi soyqrım aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində tədqiqatların aparılmasına, həqiqətin üzə çıxarılmasında göstərilən səylərin artırılmasına təkan verdi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq Azərbaycanlılara qarşı törədilən faciənin qanlı epizodlarından biridir. 

Kollecin direktoru Elşad  Quluyev çıxış edərək bildirib ki, bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başladı. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırıma siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirirdilər, diri-diri yandırırdılar. E.Quluyev Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncamına əsasən, 1918-ci il Azərbaycanlıların Soyqırımı təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunduğunu qeyd edib.

Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, kollecin tarix fənn birləşmə Komissiyasının sədri Mətanət Kazımova Qarayeva, kollecin müəllimi Aynur Memmedova çıxış edərək bildiriblər ki, tarixən Azərbaycan ərazisində 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə ermənilər tərəfindən məqsədyönlü şəkildə etnik zəmində təxribatlar törədilib və nəticədə milyonlarla soydaşımız öz dədə-baba torpaqlarından zorla didərgin salınıb, qarətə, qətliama məruz qalıblar. Tarixi abidələrimiz, qədim mədəniyyət nümunələrimiz məhv edilib, strateji önəm daşıyan ərazilərimiz xarabazara çevrilib.

Sonda fəal tələbələr Aybəniz Məmmədova, Aişə Qasımova faciəyə həsr olunmuş şeir söyləyiblər.

 

Keçidlər