Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib
İyunun 7-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Dövlət Sosial-İqtisadi Kollecində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Kollecin müəllim-tələbə heyəti iştirak ediblər.
Rayon rəhbərliyi əvvəlcə Qazax Dövlət Sosial-İqtisadi Kollecində şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olub, Vətən oğullarını ehtiramla anıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qiymətləndirmə və monitorinq bölməsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva rayon rəhbərliyini və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. E.Əfəndiyeva 15 İyun - Milli Qurtuluş Gününün xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir gün olduğunu bildirib. Bu tarixin məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müəllim heyətini və tələbələri əlamətdar gün – 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. İcra başçısı bildirib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edib. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir ki, bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin, Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb. Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quluyev, Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov, Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda məruzə ilə çıxış ediblər. Çıxış edənlər Milli Qurtuluş Gününün ictimai, siyasi və tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Ümummilli Liderin dövlət idarəçiliyi sahəsində apardığı uğurlu islahatların, ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərin, möhtəşəm layihələrin bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsindən bəhs ediblər.
Tədbirdə Kollecin Maliyyə işi ixtisasının II kurs A qrup tələbəsi Ayşə Qasımova, Mühasibat uçotu ixtisasının II kurs B qrup tələbəsi Zülfiyyə Əmirova Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin sonunda Qazax Rayon Icra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 15 Iyun - Milli Qurtuluş Günü münasibətilə bir daha təbrik edib, hər kəsə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.