Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Dövlət Sosial-İqtisadi Kollecində narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib 

22 iyun 2023 | 17:42

Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailələri dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan edib.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da narkomaniya ilə mübarizə sahəsində məqsədyönlü işlər görülür, gənclərlə, məktəblilərlə silsilə tədbirlər, görüşlər təşkil olunur.

İyunun 22-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

İdeoloji mərkəzdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, narkoloq həkim, Kollecin tələbələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. M.Alıyev Respublika Prezidenti İlham Əliyevin narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramını təsdiq etdiyini bildirib. Hazırda isə ölkə Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramının uğurla icra edildiyini qeyd edib. M.Alıyev vurğulayıb ki, bu, ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsini, eyni zamanda, Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqedə olmasını göstərir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. M.Alıyev qeyd edib ki, Dövlət Proqramının aidiyyəti bəndlərinin icrası ilə əlaqədar Qazax RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2023-cü ilə dair “İş Planı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrə uyğun olaraq silsilə tədbirlər keçirilir. Qazax rayonu üzrə ümumtəhsil məktəblərində, ali və orta təhsil müəssisələrində, rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə kompleks qabaqlayıcı profilaktik tədbirlər aparılır. Komissiyanın rəhbərliyi ilə birgə Rayon Gənсlər və İdman İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoru, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərin rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və ictimaiyyətin nümayəndələri narkomanlığa qarşı mübarizə məqsədilə müntəzəm olaraq tədbirlər həyata keçirirlər. Tədbirlərdə müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniyanın bütün dünyada geniş yayıldığı bildirilir, bu bəla ilə mübarizə etməyin bir o qədər asan olmadığı, narkotiklərdən asılılığın ağır xəstəliyə - narkomaniyaya gətirib çıxartdığı, narkotik maddələrin insan sağlamlığına bərpaedilməz ziyan vurduğu diqqətə çatdırılır M.Alıyev yerli Komissiya olaraq bundan sonra da rayonun idarə, müəssisə və təşkilatları ilə birlikdə Respublika Prezidentinin “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və “Ümummilli Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini qeyd edib. M.Alıyev vurğulayıb ki, bundan sonrakı fəaliyyətdə də 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarəti daha da artırmalı, narkomanlığa qarşı mübarizədə koordinasiya işini gücləndirməli, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməliyik. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, birlikdə mübarizə aparmalı, maarifləndirici və profilaktik tədbirlər həyata keçirməliyik. Birinci müavin rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. “Bu gün müstəqil Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin qorunması naminə ölkəmizin sizin kimi sağlam ruhda, əqidədə olan gənclərə ehtiyacı var. Gələcəyimiz siz gənclərin əlindədir”, - deyən M.Alıyev sonda bir daha gəncləri narkotik vasitələrdən uzaq durmağa səsləyib. 

Qazax Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Hikmət Nəsibov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. H.Nəsibov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”, - deyən natiq bugünkü görüşün bu məqsədə xidmət etiyini söyləyib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan H.Nəsibov bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. Gənclərin sağlam gələcəyi naminə belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. H.Nəsibov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün səfərbər olmalı, bu istiqamətdə mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalıdır. Gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidir. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Daxili İşlər Nazirliyinin və yerli polis orqanları əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib. H.Nəsibov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Natiq sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.  

Narkoloq-həkim Nahidə Osmanova çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirib. N.Osmanova söyləyib ki, bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotik maddələrin gənc nəsillər arasında daha tez yayılması təhlükəsini nəzərə alaraq, dünyanın bir çox ölkələri “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edir. Bu proqrama təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qiymətləndirmə və monitorinq bölməsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. 

Tədbirdə digər çıxış edənlər narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar. Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu gün ölkə vətəndaşı olaraq hər kəsin maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirməlidir. Çıxış edənlər gələcəyin qurucuları olan tələbələrin bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalı olduqlarını tövsiyə ediblər. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, fikirləri öyrənilib.

Keçidlər