Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax” Əlahiddə Sərhəd Diviziyasında xidmət edən gənc sərhədçilər də sədaqət andı içdilər

28 avqust 2024 | 14:44

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Avqustun 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında xidmət edərək Vətənin, sərhədlərimizin keşiyində dayanan 395 nəfər gənc sərhədçi də sədaqət andı içib.

Andiçmə mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev, gənc əsgərlər, onların valideynləri, doğmaları iştirak ediblər.

Andiçmə mərasimində əvvəlcə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülərək şəhidlərimizə sonsuz ehtiram ifadə olunub. 

Sonra mərasimdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayor Misir Əliyev çıxış edərək tədbir iştirakçılarını, gənc əsgərləri, vaildeynləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. M.Əliyev gənc əsgərlərin Hərbi Andı qəbul edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sərhədlərimizin keşiyində dayanan bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını səsləndirib. Rayon rəhbəri bildirib ki, hər bir vətəndaşın Vətəninə bağlılığı milli-mənəvi dəyərlərinə, ailəsinə, bayrağına, dilinə, tarixinə, adət-ənənələrinə, dininə bağlılığı deməkdir. Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur. Bu şərəfli vəzifədir" dəyərli fikrini diqqətə çatdıran icra başçısı sərhədçilərimizin üzərilərinə düşən bu missiyanı uğurla icra etdiklərini qeyd edib. Rayon rəhbəri tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan sonra ölkəmizdə milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldığını, müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasının müstəqil dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu söyləyib. Azərbaycan sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşması və inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Üçrəngli Bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslərin müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtdan Ulu Öndərin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdiyini qeyd edib. Ölkə başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirildiyini, yeni sərhəd dəstələri və zastavalarının yaradıldığını, Vətən sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunmasının tam təmin olunduğunu söyləyib. Ali Baş Komandanın bu sahədə kadrların hazırlanması məsələsinə xüsusi həssaslıqla yanaşdığını bildirib. Prezident İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə imzalanmış 12 iyun 2007-ci il tarixli Sərəncamın Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib. 2008-ci il sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladıqlarını, 2008-ci il noyabr ayının 27-də akademiyanın yeni səhra təlim mərkəzinin istifadəyə verildiyini bildirib. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradıldığını diqqətə çatdırıb. Bundan başqa, hərbi hissələrdə, zastavalarda hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin fiziki və psixoloji hazırlığına xüsusi diqqət yetirildiyini, gənc əsgərlərə hərbi intizam qaydalarının öyrədildiyini, onlarda sıra vərdişlərinin formalaşdırıldığını və təkmilləşdirildiyini bildirib. “Sizlər Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, eləcə də “Qazax” Əlahiddə Sərhəd Diviziyasının zabit heyəti tərəfindən daim qayğı ilə əhatə olunacaqsınız”, - söyləyən icra başçısı xidmət etdikləri müddətdə bunun əyani şahidi olacaqlarını vurğulayıb. “Bu gün tədbirimizdə 395 nəfər Vətənə sədaqət andı içən əsgərlərin valideynləri də bizimlədir. Mən üzümü siz valideynlərə tutub deyirəm: Əziz valideynlər, övladlarınız etibarlı əllərdədir. Diviziyanın zabit heyəti sizin övladlarınıza hərbinin sirlərini öyrədib, onları şəxsiyyət, Vətənə sədaqətli, vətənpərvər vətəndaş kimi yetişdirəcəklər”, - deyən rayon rəhbəri sərhədçilərimizlə qürur duyduğunu ifadə edib. İcra başçısı gənc əsgərlərin Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinizə götürəcəklərini, nümunəvi hərbi qulluqçu kimi Hərbi Anda və dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarını qeyd edib. Şəhidlərimizin qanı və qazilərimizin sağlamlığı bahasına ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarını vurğulayaraq bu şərəfli missiyalarında onlara uğurlar və cansağlığı arzulayıb.

Çıxış edən valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqla bağlı tövsiyələrini veriblər.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə yekunlaşıb. Mərasimdən sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər