Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax” əlahiddə sərhəd diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə verilib

16 fevral 2024 | 19:05

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “Qazax” əlahiddə sərhəd diviziyasının qarnizon kompleksinin açılışı zamanı hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində fevral ayının 15-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hərbi qulluqçular və onların ailə üzvləri üçün inşa olunmuş yaşayış binalarının açılışında iştirak edib. 

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsinin, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin, dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olmasını xüsusi olaraq vurğulayıblar.

Müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin sərhəd mühafizəsini hər zaman layiqincə yerinə yetirdikləri bildirilib.

Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunub və xidməti mənzillərə baxış keçirilib.

İstifadəyə verilmiş yaşayış şəhərciyi 5 binadan 140 mənzildən ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub, həyətyanı ərazidə 120 kvadratmetrdən ibarət 5 ədəd söhbətgah, nasosxana binası və 600 kvadratmetrlik su rezervuarı inşa edilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

https://www.dsx.gov.az/news/1686

Keçidlər