"Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə əlaqədar hazırlıq işlərinə start verilib
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin 5 mart tarixində təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, ötən ilin dekabr ayından etibarən Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, “"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olacaq. Çünki həmin gün "Qazax İdman paytaxtı 2026"nın açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alacaq, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olunacaq.
Artıq "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə hazırlıq işlərinə start verilib.
Fevralın 9-da Qazax Rayon İcra Hakimiyyətində "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə əlaqədar həyata keçiriləcək təşkilati işlər, təşkil olunacaq sərgilərlə bağlı görüləcək işlər müzakirə olunub.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edərək səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunacağını söyləyib.
Sonda rayon rəhbəri "Qazax İdman paytaxtı 2026"nın açılış mərasiminin, eləcə də il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil olunmasını qeyd edərək bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.







