Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

11 aprel 2023 | 19:50

Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100 illik yubileyidir. Onun elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Aprelin 11-də “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mərkəzin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Mərkəzin direktoru Kamandar İbrahimov və həkim kollektivi iştirak edib.

Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə, mənalı ömür yoluna həsr edilmiş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Azərbaycan tibb elmində özünəməxsus yeri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edib. Çoxşaxəli elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı ilə Zərifə Əliyevanın Azərbaycanın tibb elmində parlaq səhifələr açdığını diqqətə çatdıran G.Həsənova onun əziz xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Zərifə Əliyevanın nümunəvi həyat yolu və peşəkar fəaliyyətinin gənc nəsil arasında təbliğinin önəmindən bəhs edən G.Həsənova Vətənə, dövlətə və xalqa xidmət edən tibb müəssisəsində bu formatda tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. G.Həsənova bildirib ki, traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. G.Həsənova qeyd edib ki, bu gün qürurverici olan odur ki, akademik Zərifə Əliyevanın 100 illik yubileyi respublika səviyyəsində qeyd edilir. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Respublika Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. Müavin G.Həsənova respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin silsilə tədbirlərin bariz nümunəsi olduğunu vurğulayıb.

Mərkəzin direktoru Kamandar İbrahimov öz çıxışında Zərifə Əliyevanın alim, müəllim, həkim kimi çoxşaxəli, məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və qayğıkeş ana kimi ailəsinə sədaqətindən, milli dəyərlərimizə bağlılığından və ailə üzvlərinin onunla bağlı bölüşdükləri maraqlı xatirələrdən bəhs edib.

Mərkəzin həkim–terapevti Elxan Bayramov çıxışı zamanı Zərifə Əliyevanın uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərdiyini və böyük alimin yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmədiyini, onun respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırdığını və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.

Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Bəxtiyarlı və böyük tibb-bacısı Şəlalə İsmayılova çıxış edərək bildiriblər ki, Zərifə xanım Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını Vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Qeyd ediblər ki, Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.

Keçidlər