Qazax Müəllimlər Seminariyasının binasının əsaslı şəkildə yenidən qurulmasını ziyarət edən hər kəs yüksək qiymətləndirir
Hər kəsə yaxşı məlumdur ki, ötən il oktyabrın 1-də ADA Universiteti "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının qarşısında keçirilən tədbirdə tarixi binanın bərpasını öz üzərinə götürdü. ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilib. Bu gün 104 yaşlı təhsil ocağımız olan Qazax Müəllimlər Seminariyasının binasında keçmişlə müasirlik vəhdət təşkil edib.
Bu gün onu da qürurla deyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda tarixi bina kimi gələcək nəsillərə ötürülməsində bir ərmağandır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.
Sentyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd Qazax Müəllimlər Seminariyasında və ətrafında aparılan son tamamlanma işləri ilə tanış olublar.
Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və tikinti sahəsinin rəisi Muxtar Həmidov görülmüş işlər barədə ətraflı məlumat verərək hazırda son tamamlanma işlərinin aparıldığını bildiriblər.
ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalılar, rayon ictimaiyyəti, seminariyanı ziyarət edən hər kəs yüksək qiymətləndirir. Seminariyanın bərpası gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə kimi dəyərləndirilir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.