Qazax Rayon Ağsaqqallar Şurasının illik fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirilib
İyunun 21-də Qazax Rayon Ağsaqqallar Şurasının son bir illik fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, Rayon Ağsaqqallar Şurasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, təqaüddə olan dövlət qulluqçuları, fəxri ad almış müəllimlər, məktəb direktorları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, QHT-lər, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad olunub. Dahi rəhbərin adını daşıyan mərkəzdə həyat və fəaliyyətindən bəhs edən stendlərə baxılıb, ölməz şəxsiyyət ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla, qonaqları və tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən söz açıb. Rayon Ağsaqqallar Şurasının sədri haqqında səmimi ürək sözlərini çatdıran icra başçısı onun uzun illər Rayon Psixiatriya Xəstəxanasına rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini, ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini söyləyib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğruldacağına əminliyini qeyd edib.
Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. İcra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Kəndlərdə tərkib hissəsi ağsaqqallardan ibarət yaradılan işçi qruplarının fəaliyyətində də hər zaman ağsaqqalların fikirlərinə, sözlərinə böyük önəm verildiyini bildirib.
Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan rayon rəhbəri Onun ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər kəs üçün örnək olduğunu söyləyib. İcra başçısı Ulu Öndərin zamanında ağsaqqallara olan qayğısının bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini, töhfəsini verdiyini vurğulayıb.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ağsaqqallarının yenə də öz sözlərini dediklərini, xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib. Ölkəmizin inkişafının yeni bir mərhələsinə qədəm qoyduğunu, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işlərinin görüldüyünü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərimizin gülüstana çevriləcəyini qeyd edən icra başçısı ölkəmizin inkişafının yeni mərhələsində də ağsaqqallarımızın böyük rolunun olacağına əminliyini vurğulayıb.
Qazax ağsaqqallarının da həm 44 günlük Vətən müharibəsində, həm də pandemiya dövründə rayon əhalisinə mənəvi dəstək olduqlarını diqqətə çatdıran icra başçısı bundan sonra da ölkə rəhbərinin uğurlu siyasətini dəstəkləyəcəklərini söyləyib. Bu baxımdan yeni tərkibdə formalaşan Qazax Rayon Ağsaqqallar Şurasının öz töhfəsini verəcəyini qeyd edib.
Hesabat məruzəsi ilə çıxış edən Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov ona göstərilən etimada görə bir daha minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Rayonun ictimai-siyasi həyatında şuranın üzvləri olaraq bundan sonra da fəal olacaqlarını, həyata keçirilən işlərə ağsaqqal mövqelərini bildirəcəklərini söyləyib. R.Mansurov şuranın tədbirlər planına uyğun olaraq şuranın son 1 illik hesabat məruzəsini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.
R.Mansurov qeyd edib ki, bu Zəfər döyüşlərində Qazax rayonu 51 şəhid verdi. Rayon Ağsaqqallar Şurası fəxr edir ki, şəhid valideynlərindən 1 nəfəri 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış Mühüd Orucovun atası Qurban Orucov bizim şuranın üzvüdür. Həyata keçirdiyimiz tədbirlərdə digər şəhid ailə üzvləri də bizimlə birgə yaxından iştirak edir və öz töhfələrini verirlər. Şura sədri istər döyüşlər vaxtı orduya yardım göstərilməsi, istərsə də şəhidlərimizin dəfn mərasimlərində, xatirə tədbirlərində, ildönümlərinin keçirilməsində, şəhidlərin adlarının əbədiləşdirilməsi yönümündə - şəhərimizdə Şəhidlər xiyabanının, ərazilərdə müxtəlif abidə-komplekslərinin, bulaq və digər xatirə rəmzlərinin açılışında rayon rəhbərliyi ilə birlikdə rayon ictimaiyyətinin, onların içərisində ağsaqqalların və fəalların da mənəvi borc kimi yaxından iştirak etdiklərini bildirib.
27 sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçirilən tədbirlərdə rayon ağsaqqallarının iştirak etdiyini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin qarşısında 8 noyabr “Zəfər” qələbəmizə həsr olunmuş rayon tədbirində 51 şəhidimizin valideynlərinə Ağsaqqallar Şurasının məsləhəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanının təqdim edildiyini vurğulayıb.
R.Mansurov qeyd edib ki, Rayon Ağsaqqallar Şurasının üzvləri nəinki şəhidlərimizin əziz xatirəsini yad edirlər, eyni zamanda, canlı qəhrəmanlarımız olan qazilərimizi də diqqət mərkəzində saxlayırlar. Rayon İcra Hakimiyyəti və digər təşkilatlar tərəfindən təşkil edilmiş bayram tədbirlərində, iftar süfrələrində şəhid ailələri ilə bərabər qazilərimiz də həmin tədbirlərdə iştirak edirlər. Biz qazilərimiz ilə görüşürük, onların problemləri ilə maraqlanırıq.
Şura sədri ötən hesabat dövründə rayonun tam orta məktəblərində, orta ixtisas və ali təhsil müəssisələrində Ağsaqqallar Şurasının üzvləri ilə görüşlər keçirildiyini, gənclərlə ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını söyləyib.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun bütün yaşayış məntəqələrində ağsaqqallardan da ibarət işçi qrupu yaradıldığını, həmin işçi qrupunun Rayon İcra Hakimiyyətinin vasitəsilə Rayon Ağsaqqallar Şurası ilə əlaqələndirildiyini və əhalinin sosial-məişət problemlərinin, narkomaniyanın, boşanmaların, erkən nikahın qarşısının alınması istiqamətində, digər maarifləndirmə tədbirlərində birgə fəallıq nümayiş etdirdiklərini bildirib. Həmin İşçi qrupunun Ağsaqqallar Şurası ilə birlikdə problemli ailə məsələlərində yaxından iştirak etdiyini, rayonun imkansız gənclərinin toy mərasimlərinin təşkilində mənəvi dəstək göstərdiklərini söyləyib.
Gənclərə göstərilən dövlət qayğısından danışan Şura sədri Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvlərinin Yeni Azərbaycan Partiyasının Qazax Rayon Təşkilatı ilə birgə gənclərlə görüşlər təşkil etdiklərini qeyd edib.
R.Mansurov ötən hesabat dövründə 4 dəfə İdarə heyətinin iclasının keçirildiyini bildirib. Burada postmüharibə dövründə hərbi-vətənpərvərlik, COVID–19 pandemiyasına qarşı mübarizə tədbirləri, üzvlüyə qəbul və s. sahələrdə ağsaqqalların apardıqları maarifləndirmə, təbliğat-təşviqat və izahat işləri sahəsində iştirakçılara dair vəziyyət öyrənilib, araşdırılıb, arayış və məlumat şəklində heyət iclasında müzakirə olunub. Vaksinasiya müddətində elə ilk günlərdən 65 yaşdan yuxarı vətəndaşların peyvənd olunmasında ağsaqqalların maarifləndirmə işlərində böyük mütəşəkkillik nümayiş etdirdiklərini bildirib. R.Mansurov şəhərimizin görkəmli yerində Rayon Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi üçün otaq təmir olunaraq istifadəyə verilməsinin nəzərdə tutulduğunu, burada ağsaqqalların tədbirlərinin keçirilməsi üçün münasib şərait yaradıldığını qeyd edib. R.Mansurov rayon şurasına böyük qayğı göstərdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, onlara kömək və dəstək olan hər kəsə bir daha dərin minnətdarlığını çatdırıb. Şura sədri ötən dövrdə aparılan işlər barədə qeyd edərkən Şuranın üzvləri başda olmaqla, rayonun Daş Salahlı, Çaylı, Yuxarı Salahlı, Alpout, Quşçu Ayrım və Məzəm kəndlərindəki şura üzvlərinin fəaliyyətini yüksək dəyərləndirib. R.Mansurov şura üzvlərinə gənclərimizin təhsili və sağlamlığı sahəsində, tariximizin, mədəni irsimizin, multikultural və tolerant dəyərlərin əsaslarına dərindən yiyələnməkdə yerlərdə təbliğat işini gücləndirmələrini bildirib. Cəmiyyətimizə və həyat tərzimizə zidd hərəkətlər olan narkomaniyaya, erkən nikaha, sərxoşluğa, qanun pozuntularına qarşı mübarizədə daha fəal olmalarını qeyd edib. Son zamanlar rayonda erkən nikah ilə bağlı Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə bir neçə toy mərasiminin təxirə salındığını və bu işdə maarifləndirmə tədbirlərinin daha geniş vüsət almasına ehtiyacın olduğunu vurğulayıb. Görülən bu tədbirlər nəticəsində erkən nikah ilə bağlı məlumatları Rayon İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına gec məlumat verdikləri üçün bir neçə İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin tutduğu vəzifədən azad edildiklərini diqqətə çatdırıb. R.Mansurov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçıları ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu hərbi-siyasi, sosial-iqtisadi sahədə, dövlət müstəqilliyimizin möhkəmlənməsi, beynəlxalq əməkdaşlıqda, respublikamızın yüksək imicinin daha da yüksəlməsində yaxından iştirak etməli və tam həmrəylik göstərməli olduqlarını qeyd edib və bu yolda hər kəsə uğurlar arzulayıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək cəmiyyətimizdə ağsaqqal sözünə, böyüklüyünə verilən qiymətdən danışıb. Zamanında Ulu Öndərin, bu gün isə onun layiqli varisi Prezident İlham Əliyevin ağsaqqallara verdiyi dəyəri, göstərdiyi hörmət və ehtiramı ziyalı olaraq yüksək qiymətləndirib. Dövlətin və ölkə rəhbərinin ağsaqqlara olan qayğısının bu gün rayonda da hiss olunduğunu, rayon rəhbərliyi tərəfindən hər zaman ağsaqqallara olan səmimi münasibətin, doğmalığın şahidi olduğunu dilə gətirib. Rayonda ziyalıya verilən dəyərin bariz nümunəsi olaraq bu gün Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkın əsaslı şəkildə təmir olunmasını, Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, məktəbin həyətində büstünün qoyulmasını qeyd edib. Ziyalı olaraq bundan sonra da ağsaqqallarla birlikdə ölkəmizin, eləcə də rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edəcəyini söyləyib.
Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək Azərbaycan tarixində ağsaqqal sözünün yazılmamış qanun olduğunu və bunun bizim milli mentalitetimizə aid olduğunu söyləyib. Ağsaqqallarımızın cəmiyyətimizdəki mövqeyindən söz açan natiq onların müharibə dövrlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər zaman fəallıq nümayiş etdirdiklərini bildirib. Rayon Ağsaqqallar Şurasının gələcək fəaliyyətində uğurlar arzulayan natiq rəhbərlik etdiyi ictimai birlik olaraq bu yolda onlara hər zaman dəstək olmağa hazır olduğunu qeyd edib.
Çaylı kənd ağsaqqalı Qəzənfər Qocayev çıxış edərək bugünkü görüşün olduqca məhsuldar bir görüş olduğunu, Rayon Ağsaqqallar Şurasının illik fəaliyyətinə həsr olunmuş hesabat konfransının bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, eləcə də ondan əvvəlki dövrlərdə ağsaqqallara daim qayğı göstərdiyini, ağsaqqal məsləhətinə, fikrinə böyük önəm verdiyini diqqətə çatdırıb. Həmin qayğını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirməsini hər kəsin örnək götürməli olduğunu, ağsaqqal olaraq hər zaman ölkədə və rayonda baş verən hadisələrə biganə qalmamalı, öz vətəndaşlıq mövqeyini göstərməli olduğunu bildirib. Dövlətimizin qazandığı Qələbəni qoruyub saxlamaq üçün ağsaqqal olaraq bu istiqamətdə gənclərlə maarifləndirici görüşlər keçirilməsinin vacibliyini vurğulayıb, əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Yasin Əkbərov çıxış edərək ölkəmizdə bütün sahələrdə, o cümlədən də ağsaqqallara olan münasibətdə Ulu Öndərin dəsti-xəttinə rast gəldiyimizi bildirib. Ulu Öndərin bu sahədə olan yol xəritəsini bu gün onun layiqli varisi, ata vəsiyyətini yerinə yetirərək Azərbaycanı qalib ölkə edən Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. Ağsaqqallar olaraq bu yolda hər zaman dəstək olmağa hazır olduqlarını qeyd edərək uğurlar arzulayıb. Rayon Ağsaqqallar Şurasının hesabat dövründə görülmüş işləri qənaətbəxş hesab edib.
Kəmərli kənd ağsaqqalı Rəhim Rəhimov çıxış edərək rayonda, eləcə də kəndlərdə ağsaqqalların yaxından iştirakı ilə görülmüş işlərdən danışıb. Həyata keçirilən işlərdə ağsaqqallarımızın öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara, ağsaqqal sözünə hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Sədr müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ölkə başçısının Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürərək bu gün onlara olan qayğını davam etdirməsinin hər kəsə nümunə və örnək olduğunu vurğulayıb. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır. Ən əsası da Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. 2020-ci ilin xalqımızın yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edən B.Yusifov bu nailiyyətimizin Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, düşmənə və dünya dövlətlərinə Azərbaycan adlı güclü dövləti bir daha tanıtdığını bildirib. “İnanırıq ki, işğaldan azad olunmuş bütün torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək və Ağsaqqallar Şurası olaraq bu prosesdə biz də yaxından iştirak edəcəyik. Ağsaqqallar olaraq xalqımızın başına gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün fəaliyyətimizdə davamlı olmalıyıq. Gənclərlə iş sahəsinə xüsusi önəm verməliyik. Əldə etdiyimiz tarixi Qələbənin mahiyyətini gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Bu, bizim mənəvi borcumuzdur. Ağsaqqallıq missiyasını öz üzərimizə götürmüşüksə, bunun məsuliyyətini dərk edərək öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq”, - deyən sədr müavini bu yolda hər kəsə uğurlar arzulayıb.
Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova qatıldığı "Bir müəllimin manifesti” layihəsi əsasında reallaşan proqramın ADA Universitetinin təhsil sahəsindəki qabaqcıl təcrübəsini, xüsusilə də Vaşinqton təcrübəsini region müəllimlərinin və məktəb direktorlarının məktəblərinə daşımaları üçün böyük imkan yaratdığını qeyd edib. Bu layihədə iştirakına və müəllimlərə, ziyalılara yaradılan imkana görə ADA Universitetinin rektoru Hafiz Paşayevə, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmmədə, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdala və ADA komandasına sonsuz minnətdarlığını ifadə edib.
Hesabat konfransında Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük minnətdarlıqla qeyd edən çıxışçılar bu zəfərə görə Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna borclu olduğumuzu bildiriblər. Qazandığımız Qələbənin, hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu bir daha vurğulayıblar. 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduğumuzu qeyd ediblər. Ağsaqqallarımızın gənclərimizə aşıladığı Vətən sevgisinin, məhəbbətinin, yurda bağlılıq hissinin Vətən müharibəsi zamanı öz əksini tapdığını, gəncləri həmin istəyin bir yumruq kimi birləşdirdiyini dilə gətiriblər. Bu baxımdan ağsaqqal nəsihətinə, tövsiyəsinə hər zaman ehtiyac olduğunu və bunun üçün bundan sonra da böyük səylə dəstək olacaqlarını qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha rayon ağsaqqalları ilə olan səmimi görüşə görə qonaqlara minnətdarlığını bildirib, müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə Şuranın həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulayıb.
Məlumat üçün qeyd edək ki, Mansurov Ramiz Dursun oğlu, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Tağıyev Ramiz Cahangir oğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Alıyev Barat Alı oğlu (Barat Vüsal), Aprel şəhidi kapitan Mühüd Orucovun atası Orucov Qurban Mühüd oğlu, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Əkbərov Yasin Mehdi oğlu Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləridir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Qurbanov İsgəndər Kərəm oğlu, Çaylı kənd ağsaqqalı Qocayev Qəzənfər Bəhmən oğlu və Cəfərli kənd ağsaqqalı Vəliyev Seyfəddin Ədil oğlu isə Qazax Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləridir.