Qazax Rayon Ağsaqqallar Şurasının son bir illik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi davam edir. Növbəti yığıncaq may ayının 6-da Qazax rayonunda keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, idarə, müəssisə, təşkilat rəhbərləri, təqaüddə olan dövlət qulluqçuları, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin, dünyadan köçmüş ağsaqqal və ağbirçəklərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. 1999-cu ildə təsis edilmiş Qazax Rayon Ağsaqqallar Şurasının keçmiş sədri olmuş mərhum Sabir Məhərrəmovu ehtiramla yad edən müavin onun illər öncə qoyduğu ənənənin bu gün də olduğu kimi davam etdirildiyini söyləyib. 2022-ci ildən Qazax Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Ramiz Mansurov haqqında səmimi ürək sözlərini çatdıran müavin onun uzun illər Rayon Psixiatriya Xəstəxanasına rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini, ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini bildirib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğrultduğunu qeyd edib. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan G.Həsənova qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Müavin rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Kəndlərdə tərkib hissəsi ağsaqqallardan ibarət yaradılan işçi qruplarının fəaliyyətində də hər zaman ağsaqqalların fikirlərinə, sözlərinə böyük önəm verildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan müavin Onun ağsaqqallarımız haqqında söylədiyi "Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər kəs üçün örnək olduğunu söyləyib. Ulu Öndərin zamanında ağsaqqallara olan qayğısının bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini, töhfəsini verdiyini vurğulayıb. G.Həsənova əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikasının özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşadığını söyləyib. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyasının dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablandığını vurğulayıb. Müavin bildirib ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Müzəffər Ali Baş Komandan kimi hər bir vətəndaşın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bu gün də belə təsirlər var. Lakin Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi. Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə, Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, ölkə vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir. G.Həsənova qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Dövlətimizin bugünkü inkişafında onların böyük rolu var. Ağsaqqallar həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Qazax ağsaqqalları rayonun ictimai-siyasi, mədəni həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər. Onlar rayonda həyata keçirilən bütün tədbirlərdə diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar. G.Həsənova qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 illik işğalda olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. Müavin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın bir il əvvəl xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. G.Həsənova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir uğuru, zəfəridir. Müavin Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. G.Həsənova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ağsaqqallarının yenə də öz sözlərini dediklərini, xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib. Qazax ağsaqqallarının da 44 günlük Vətən müharibəsində rayon əhalisinə mənəvi dəstək olduqlarını diqqətə çatdıran müavin bundan sonra da ölkə rəhbərinin uğurlu siyasətini dəstəkləyəcəklərini söyləyib. Qazax Rayon Ağsaqqallar Şurasının bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Natiq çıxışı zamanı ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara, ağsaqqal sözünə hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Sədr müavini B.Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Ölkə başçısının Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi "Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürərək bu gün onlara olan qayğını davam etdirməsinin hər kəsə nümunə və örnək olduğunu vurğulayıb. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır. Ən əsası da Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. 2020-ci ilin xalqımızın yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edən B.Yusifov bu nailiyyətimizin Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, düşmənə və dünya dövlətlərinə Azərbaycan adlı güclü dövləti bir daha tanıtdığını bildirib. Vurğulayıb ki, Azərbaycanda tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz daha təsirli və səmərəli fəaliyyət gözləyir. Unutmamalıyıq ki, ağsaqqallar insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu şəxsiyyətlərdir. Bu insanların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. B.Yusifov rayon sədrlərini, üzvləri, ağsaqqalları daha fəal olmağa çağıraraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə, təəssüflər olsun ki, boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. “Ağsaqqallar olaraq xalqımızın başına gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün fəaliyyətimizdə davamlı olmalıyıq. Gənclərlə iş sahəsinə xüsusi önəm verməliyik. Əldə etdiyimiz tarixi Qələbənin mahiyyətini gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Bu, bizim mənəvi borcumuzdur. Ağsaqqallıq missiyasını öz üzərimizə götürmüşüksə, bunun məsuliyyətini dərk edərək öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq”, - deyən sədr müavini bu yolda hər kəsi səfərbər olmağa çağırıb. B.Yusifov çıxışında xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsl ağsaqqallıq missiyasını həyata keçirərək Azərbaycanı sözün əsl mənasında məhv olmaq təhlükəsindən xilas etdiyini söyləyib. Natiq bu gün həmin şərəfli missiyanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilyini bildirərək, dövlət başçısının imza atdığı uğurlardan söz açıb. B.Yusifov bir daha üzünü tədbir iştirakçılarına tutaraq vurğulayıb ki, biz qalib xalq olaraq qürurverici tarixi bir dövr yaşayırıq. Bu gün hamımız bizə bu möhtəşəm tarixi yaşadan qalib Liderimizin, möhtərəm Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək cəmiyyətimizdə ağsaqqal sözünə, böyüklüyünə verilən qiymətdən danışıb. Zamanında Ulu Öndərin, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyevin ağsaqqallara verdiyi dəyəri, göstərdiyi hörmət və ehtiramı ziyalı olaraq yüksək qiymətləndirib. Dövlətin və ölkə rəhbərinin ağsaqqallara olan qayğısının bu gün rayonda da hiss olunduğunu, rayon rəhbərliyi tərəfindən hər zaman ağsaqqallara olan səmimi münasibətin, doğmalığın şahidi olduğunu dilə gətirib. Ziyalı olaraq bundan sonra da ağsaqqallarla birlikdə ölkəmizin, eləcə də rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edəcəyini söyləyib.
Kənd Qida İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov və başqaları çıxış edərək Azərbaycan tarixində ağsaqqal sözünün yazılmamış qanun olduğunu və bunun bizim milli mentalitetimizə aid olduğunu söyləyiblər. Ağsaqqallarımızın cəmiyyətimizdəki mövqeyindən söz açan natiqlər onların müharibə dövrlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər zaman fəallıq nümayiş etdirdiklərini bildiriblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, eləcə də ondan əvvəlki dövrlərdə ağsaqqallara daim qayğı göstərdiyini, ağsaqqal məsləhətinə, fikrinə böyük önəm verdiyini diqqətə çatdırıblar. Həmin qayğını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirməsini hər kəsin örnək götürməli olduğunu, ağsaqqal olaraq hər zaman ölkədə və rayonda baş verən hadisələrə biganə qalmamalı, öz vətəndaşlıq mövqeyini göstərməli olduqlarını bildiriblər. Dövlətimizin qazandığı Qələbəni qoruyub saxlamaq üçün ağsaqqal olaraq bu istiqamətdə gənclərlə maarifləndirici görüşlər keçirilməsinin vacibliyini vurğulayıb, əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Tədbirdə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Tağıyev Ramiz Cahangir oğluna Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Fəxri Fərmanı təqdim olunub.