Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyəti də qardaş Türkiyə üçün humanitar yardım kampaniyasına qoşulub

11 fevral 2023 | 15:58

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.

Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.

Bütün Azərbaycan xalqı kimi, Qazax Rayon İcra Hakimiyyəti də qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşulub. Bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu nümayiş etdirib.

Sözügedən humanitar yardım dövlət büdcəsindən ayrılmış 51886,14 manat vəsait hesabına göndərilib. Alınmış mallara görə həmin vəsaitdən 14072,2 manat “Abulife GROUP” MMC-yə, 9500,00 manat “Əsədoğlu” marketə (Kərimov Əsəd Məhərrəm oğluna), 10003,08 manat “Avromed Company” MMC-yə, 13697,61 manat “Brend Shop” mağazasına (Nazarov Murtuz Cəlil oğluna), 2008,25 manat “Ucuzluq” mağazasına (Əhmədov Vüsal Məmmədqulu oğluna), 1360,00 manat “Beko”-ya (Əsgərov Vahid Temur oğluna), 1245,00 manat “Xanlıqlar GROUP” MMC-yə məxsus hesablara ödənilib.

Alınmış 300 ədəd yorğan, 100 ədəd döşək, 300 ədəd yastıq, 211 ədəd elektrik qızdırıcısı, 6000 ədəd qida məhsulu, 38 çeşiddə vacib olan dərman preparatı, həmçinin, 330 ədəd kişi və 153 ədəd qadın üçün üst geyimi, 40 ədəd kişi və 60 ədəd qadın üçün qalın üst geyimi (gödəkcə), 55 cüt kişi, 18 cüt qadın  və 50 cüt uşaq üçün ayaqqabı, 109 cüt qadın, 100 cüt kişi və 67 cüt uşaq üçün corab ictimaiyyət nümayəndələrinin iştirakı ilə könüllülər tərəfindən qablaşdırılıb və fevralın 10-da yük maşınına yüklənərək Türkiyə Respublikasına yola salınıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Türkiyədə baş vermiş zəlzələni Azərbaycan xalqının, hər bir vətəndaşın ürək ağrısı ilə qarşıladığını qeyd edib. Zəlzələ zamanı dünyasını dəyişən insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Rayon rəhbəri bu ağır günlərdə bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi olduğumuzu, xalqımızın, uşağından tutmuş yaşlı insana kimi, hər kəsin Türkiyədə zərər çəkən insanlara yardım etmək üçün səfərbər olduğunu söyləyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında xalqımızın Türkiyədə zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza dəstək olmaq üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayıb. İcra başçısı bildirib ki, necə ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyə bizim yanımızda idi, dar günümüzdə bizə dəstək oldu, bu gün də biz onların yanındayıq. İcra başçısı Türkiyə dövlətinin, türk xalqının, qardaşlarımızın yanında olmağın hər birimizin borcu olduğunu vurğulayıb.  

Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Keçidlər