Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub

21 oktyabr 2022 | 15:30

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bütün sahələrdə öz əksini tapır. Bu, vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir ki, hər bir dövlət məmuruna nümunə olmalıdır. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 6 nəfər vətəndaşın istəyi oktyabrın 21-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Hər bir dövlət məmuru icra etdiyi vəzifənin məsuliyyətini dərk etməli, əsas işinin vətəndaş məmnunluğunu təmin etmək, onlara layiqli xidmət göstərmək olduğunu unutmamalıdır. Bunu hər an əməli işlərində göstərməlidir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakini Səttərova Rəna Firidun qızının, Xanlıqlar kənd sakinləri Allahquluyeva Zenfira İdris qızının, Əşrəfova Jalə Cəlal qızının, Quşçu Ayrım kənd sakini Qasımova Vüsalə Mülkədar qızının, Qızılhacılı kənd sakini Məmmədov Sarvan Səməndər oğlunun, Çaylı kənd sakini Qocayeva Dilqənd Əli qızının müxtəlif məzmunlu müraciətləri dinlənilib.

Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. 

Vətəndaşların digər müxtəlif məzmunlu müraciətləri isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib

Keçidlər