Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub

23 dekabr 2022 | 17:13

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürmələri onu söyləməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri isə hər bir dövlət məmuru üçün örnəkdir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir. Bu həftə ərzində müraciət etmiş daha 10 nəfər vətəndaşın istəyi dekabrın 23-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Vətəndaşa layiqli xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Ən əsası da dövlət məmuru çalışmalıdır ki, bunu öz əməli işlərində göstərsinlər”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Mütəllimova Tükəzban Budaq qızının, Kazımova Gülnarə Əhməd qızının, Hüseynova Əfsanə Yaşar qızının, Çaylı kənd sakini Nəbiyev Vaqif Nəbi oğlunun, Daş Salahlı kənd sakini Məsmalıyeva Raya İsrafil qızının, Xanlıqlar kənd sakini Vəliyev Ayxan Alı oğlunun, Bala Çaylı kənd sakini Həsənova Sənəm Murğuz qızının, Quşçu Ayrım kənd sakini Şükürova Gülanə Eldəniz qızının, Bağanıs Ayrım kənd sakini Nəsibov Nəsib Fərhad oğlunun, Aşağı Əskipara kənd sakini Mustafayeva Dürrə Kərim qızının müxtəlif məzmunlu müraciətləri dinlənilib.

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların evinə su-kanalizasiya xəttinin çəkilməsində, qaz limitinin verilməsində köməklik göstərilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, həlli istiqamətində lazımi addımlar atılacağı bildirilib.

Keçidlər