Qazax Rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə “Narkomaniyaya “YOX” deyək!” mövzusunda görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş silsilə maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti maarifləndirici tədbir aprelin 29-da Qazax Rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyevin, məktəbin müəllim-şagird kollektivinin, valideynlərin iştirak etdiyi tədbirdə narkomaniya və onun fəsadları ilə bağlı geniş söhbət aparılıb, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Eyni zamanda, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi haqqında geniş məlumatlar verilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Sağlam gənclik naminə bu cür görüşlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb. Polis rəisi bildirib ki, bu istiqamətdə keçirilən silsilə maarifləndirici tədbirlər məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynayır. Polis rəisi təhlükə mənbəyinə çevrilmiş narkomaniyaya qarşı mübarizə aparmağın vacibliyini qeyd edərək dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən söz açıb. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün həmrəylik nümayiş etdirərək birgə mübarizə aparmalıdır. Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildirib. S.Əsədov əsrin bəlası narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. Sözügedən Dövlət Proqramının icrası istiqamətində müvafiq tədbirlərin görüldüyünü qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədi daşıdığını söyləyib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. S.Əsədov sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.
Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr barədə danışıb, bu istiqamətdə maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olduğunu söyləyib. Bildirib ki, gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verilməlidir. R.Gözəlov bu gün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin də məhz bu məqsədə xidmət etdiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib. Rayon Prokuroru cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə məktəbliləri maraqlandıran sualları cavablandıraraq gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün onların hər zaman diqqətli olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb.
Qazax Rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq gəncləri sağlam həyat tərzi keçirməyə çağırıb.
Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.
Sonda bir daha mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.