Qazax Rayon Suvarma Sistemləri İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
5 İyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi var. Prezident İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı Sərəncamla iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir.
Qürurverici haldır ki, Su təsərrüfatı və meliorasiya işçiləri builki peşə bayramlarını əlamətdar bir ildə - “Heydər Əliyev İli”ndə qeyd edirlər.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur.
Növbəti tədbir iyunun 5-də Qazax Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilib. 5 İyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyev, “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov, Su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşlar, uzun illər bu sahədə çalışmış insanlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzdə həyat və fəaliyyəti ilə yaxından tanış olub, dahi şəxsiyyətin bu sahəyə olan qayğısını özündə əks etdirən videoçarx izləyiblər.
Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 5 İyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə bu sahədə çalışan əmədaşları təbrik edib, səmimi ürək sözlərini bölüşüb. M.Vəkilov bildirib ki, 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanun imzalanıb. Su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq məhz həmin tarixin – iyunun 5-nin ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə Prezident İlham Əliyev tərəfindən 2014-cü il mayın 14-də Sərəncam imzalanıb. M.Vəkilov qeyd edib ki, müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq üçün əməli addımlar atdı. M.Vəkilov qeyd edib ki, 1969-cu ildə Azərbaycan Respublikasına rəhbər təyin edilən Ulu Öndər Heydər Əliyev qısa müddətdə iqtisadiyyatı və kənd təsərrüfatı sahəsində geridə qalmış respublikanı dirçəltməyi qarşısına məqsəd qoydu və keçmiş sovet ittifaqının iqtisadi potensialından istifadə edərək ölkəmizdə melorasiya sisteminin qurulmasında böyük rol oynadı. Bunun bariz nümunəsi olaraq 1966-cı ildə təməli qoyulan Ağstafaçay su anbarının inşa edilərək 1971-ci ildə istifadəyə verilməsini göstərib. M.Vəkilov 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsən həmin su anbarının açılışında iştirak etdiyini söyləyib. Tutumu 120 mln kubmetr olan su anbarı istifadəyə verildikdən sonra Qazax rayonu ilə yanaşı, qonşu Ağstafa, Tovuz və Şəmkir rayonlarının da əkinə yararlı torpaq sahələrinin su ilə təmin olunduğunu bildirib. M.Vəkilov vurğulayıb ki, su anbarının inşasına kimi rayonda 4350 hektar sahə suvarılırdısa, anbar istifadəyə verildikdən sonra 10870 hektar sahə suvarma əkin dövriyyəsinə cəlb olunub. İdarə rəisi bildirib ki, bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi və iqtisadi ideyalarını Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısı melorasiya sistemlərinin bərpa edilməsinə və yeni su anbarlarının tikintisinə xüsusi diqqət göstərməklə suvarmada mütərəqqi metodların tətbiq olunmasına mühüm əhəmiyyət verir.
Qazax Rayon İcra Hakimiyyət başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək rayon rəhbərliyinin adından idarənin kollektivini 5 İyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə təbrik edib, səmimi və xoş arzularını çatdırıb. A.Hümbətov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sayəsində bu gün bütün xidmət sahələrində olduğu kimi, əhalinin içməli və suvarma suyu ilə təminat sahəsində də bir çox uğurların əldə edildiyini deyib. Bildirib ki, əhalinin keyfiyyətli və fasiləsiz içməli və suvarma suyu ilə təmin edilməsi üçün paytaxtla yanaşı, bölgələrdə də əhaliyə yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən su-kanal idarələrinin inzibati binalarının tikintisi, içməli su ilə təchizat və kanalizasiya sisteminin yenidən qurulması bunu deməyə əsas verir. Qazax şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinin uğurla icra olunması bu dediklərimizin əyani sübutudur. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən A.Hümbətov Qazax rayonunda da bu sahədə işlərin görüldüyünü bildirib. Qeyd edib ki, son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə yeni subartezian quyularının qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla rayon ərazisində qazılmış 205 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır. A.Hümbətov bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. A.Hümbətov həyata keçirilən bütün bu işlərdə Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının böyük əməyi və zəhməti olduğunu bildirib. A.Hümbətov qeyd edib ki, su təsərrüfatı işçiləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış su təsərrüfatı layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə bundan sonra da var qüvvəsi ilə çalışacaqlar.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, səmimi ürək sözlərini bölüşüb. A.Nəbiyev çıxışı zamanı Azərbaycanın çağdaş tarixinin dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, “Melorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” deyən Ulu Öndərin Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən melorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısı olduğunu söyləyib.
Uzun müddət Rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışmış, təqaüddə olan ağsaqqal Abbas Göyüşov çıxış edərək əlamətdar gündə təbriklərini çatdırıb. Ulu Öndər Heydər Əliyevlə olan görüşünü xatırlayan A.Göyüşüv bu barədə səmimi fikirlərini bölüşüb. Ümummilli Liderin melorasiya və su təsərrüfatı sahəsinə xüsusi həssaslıqla yanaşdığını, bu sahədə çalışan insanların əməyinə hər zaman yüksək qiymət verdiyini söyləyib.
Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyev, “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov, Qazax Suvarma Sistemləri İdarəsində baş mühəndis Asim Osmanov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. Ulu Öndərin bu sahədə olan misilsiz xidmətlərini, gördüyü işləri çatdırmaq üçün bu ilin ən böyük töhfə olduğunu vurğulayıblar.
Sonda melorasiya və su təsərrüfatı sahəsində çalışan bir qrup əməkdaş peşə bayramları münasibətilə təltif olunublar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Qazax Rayon Suvarma Sistemləri İdarəsinin kollektivinə Fəxri Diplom təqdim edilib.
Qazax Rayon Suvarma Sistemləri İdarəsinin mühəndis-hidrotexniki Mirzəyev Əkbər Əkrəm oğlu Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanına layiq görülüb.
Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşı Dilbozova Aygün Bahadur qızına Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən Fəxri Fərman təqdim olunub.
Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Vəkilov Məhəd Moşu oğluna, idarənin baş mühəndisi Osmanov Asim Zabit oğluna, əməkdaşlardan Mehdiyev Cavid Mayıl oğluna, Ağayeva Zərifə Qəzənfər qızına, İsmayılov Qəzənfər Abdulla oğluna Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.
Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları Xanbabayeva Esmira Çingiz qızına, Elçiyev Elşad Nazim oğluna, Bayramov İqbal Məhəmməd oğluna, Mehdiyev Abbas Nəsimi oğluna, Əfəndiyeva Sevda Əli qızına, Alıyeva Lalə Fərman qızına “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin Fəxri Fərmanları təqdim edilib.
Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Ölkə rəhbərinin onlara göstərdiyi qayğıya və etimada görə bir daha öz dərin minnətdarlığını bildirib. Kollektiv olaraq bundan sonra da rayonun suvarma suyu ilə təmin olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd edib.
Fəxri Fərmanla təltif olunan idarənin əməkdaşları da əməklərinə verilən qiymətə görə təşəkkürlərini çatdıraraq onlara olan etimadı əməli işləri ilə doğruldacaqlarını vurğulayıblar.