Qazax rayonunda yerləşən "Sınıq körpü" abidəsinə və digər tarixi abidələrə baxış keçirilib
Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Qazax rayonu ərazisində yerləşən “Sınıq körpü” (Qırmızı körpü, XII əsr, inventar № 7) abidəsi tariximizin qiymətli incisi kimi qorunmaqdadır.
İyulun 27-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, rəis müavini Ağacavid Ramazanov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-nin direktoru Telman Kərimli, Xidmətin Mədəni irsin inkişafı və bərpası şöbəsinin böyük məsləhətçisi Elvin Osmanlı, Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin Şərqi Avropa şöbəsinin müdiri Fəxri Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin elmi işçisi Nəsib Zeynalov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və DSX-nin nümayəndəsi polkovnik-leytenant Ramil Kərimovun iştirakı ilə “Sınıq körpü” abidəsinə baxış keçiriblər. Səfər çərçivəsində qonaqlar ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”nda, Qazax “Cümə” məscidində görülmüş işlərlə də tanış olublar. Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olan qonaqlar muzeydəki mövcud vəziyyətlə, əməkdaşların qayğıları ilə maraqlanıblar.Daha sonra Qazax Rayon İcra Hakimiyyətində “Sınıq körpü”, eləcə də rayonda mövcud olan digər tarixi abidələrin mövcud vəziyyəti və abidələrin bərpası ilə bağlı görülməsi nəzərdə tutulan işlər müzakirə olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qonaqpərvərliyə və səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası sahəsində görülmüş işlərdən söz açıb. Mədəniyyət Nazirliyi, xüsusilə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti olaraq tarixi memarlıq abidələrinin bərpası, qorunması ilə bağlı görülmüş işlərin davam etdiriləcəyini bildirib. Bugünkü səfərin də əsas məqsədinin rayonda olan tarixi abidələrin mövcud vəziyyətini yerində öyrənmək olduğunu söyləyib. Bu cür səfərlərin mütəmadi olaraq təşkil olunacağını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları bir daha salamlayıb, tarixi abidələrin qorunması baxımından böyük əhəmiyyət daşıyan bugünkü səfərə və görüşə görə Mədəniyyət Naziri Anar Kərimov başda olmaqla, gələn nümayəndə heyətinə razılığını bildirib. Hər zaman olduğu kimi, bundan sonra da tarixi abidələrin bərpası ilə bağlı görüləcək işlərdə dəstək olmağa hazır olduğunu qeyd edib. Bütün işlərin kökündə ölkə rəhbərinin və dövlətin bu sahəyə olan qayğısının dayandığını vurğulayıb.