Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda taxıl biçini yekunlaşmaq üzrədir

12 iyul 2022 | 10:54

Heç kəsə sirr deyil ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.

Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

2022-ci ildə Qazaxda 11364,20 hektar sahədə taxıl əkilib ki, bunun da 4876,60 hektarı buğda, 6487,60 hektarı arpa sahəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da taxıl biçini aparılır ki, artıq biçin yekunlaşmaq üzrədir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən bol məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.

Bu günə kimi 6487,60 hektar arpa sahəsinin 6474,10 hektarında biçin aparılıb. Sahələrdən 20738,10 ton arpa toplanıb. Hələlik hər hektardan orta məhsuldarlıq 32 sentner təşkil edir. 

4876,60 hektar buğda sahəsinin 4671 hektarında biçin aparılıb. Sahələrdən 17819,2 ton buğda toplanıb. Orta məhsuldarlıq 38,1 sentner təşkil edir. Qalan sahələrdə isə biçin işləri sürətlə davam etdirilir.

Keçidlər