Qazax RİH-də növbəti vətəndaş qəbulu keçirildi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bütün sahələrdə vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna nümunədir. Ölkə rəhbərinin səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu göstərir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.
Bu həftə ərzində müraciət etmiş daha 15 nəfər vətəndaşın istəyi oktyabrın 14-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
“Dövlət məmuru olaraq bizim əsas işimiz vətəndaş məmnunluğunu təmin etmək, onlara layiqli xidmət göstərməkdir. Bunu hər an əməli işlərimizdə göstərməliyik”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.
"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra Qazax şəhər sakinləri Zeynalov Novruz İsman oğlunun, Bayramov Səbuhi Sahib oğlunun, Alməmmədov Elmar Osman oğlunun, Dursunova Lalə Faiq qızının, Canalı kənd sakini Süleymanova Fəridə Nəsrəddin qızının, Quşçu Ayrım kənd sakinləri Nəbiyev Yusif Allahverən oğlunun, Bayramov Hüseyn Almərdan oğlunun, Namazov Elşan Rafail oğlunun, Ürkməzli kənd sakini, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili Musayev Nüsrət Qulu oğlunun, Çaylı kənd sakinləri İsgəndərov Rəhman Alı oğlunun, Musayeva Zəhra Fərhad qızının, Yuxarı Əskipara kənd sakini Musayev Mustafa Mülkadar oğlunun, Aslanbəyli kənd sakini Mahmudova Minayə Süleyman qızının, Kosalar kənd sakinləri Mustafayev İlqar Məhəmmədəli oğlunun, Əlizadə Röyal Seyidəli oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib.
Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.
Vətəndaşların iş yerinin dəyişdirilməsində, kəndarası yolların çınqıllanmasında, özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilməsində, sığınacaq və həyətyanı torpaq sahəsi ilə təmin olunmasında, alimentin dayandırılmasında köməklik göstərilməsi, çöl pay torpaq sahəsinə gedən yolun zəbt edilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.