Qazax RİH-də vətəndaş qəbulu keçirilib
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının əsasında dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan vətəndaş amili dayanır. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsinin arxasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır.
Bu həftə ərzində Qazax şəhərindən, Çaylı, Aşağı Əskipara kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşın istəyi dekabrın 8-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin bu gün hər bir dövlət məmuruna nümunə olmaqla yanaşı, həm də iş fəaliyyətinin tərkib hissəsi olmalı olduğunu bildirib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, vətəndaşı qəbul edib onun müraciətini dinləsin. Onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etsin”, - deyən icra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.
Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.