Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax RİH-nin bir qrup əməkdaşı 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı günü ərəfəsində təltif olunub

17 iyun 2023 | 13:22

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Respublika Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən artıq 17 ildir ki, dövlət qulluqçuları bu günü özlərinin peşə bayramı kimi qeyd edəcəklər.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı ərəfəsində Qazax Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Qazax RİH başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayılov İlyaz Hümbət oğluna, Sektor müdiri-baş mühasib Babayev Qurban Teymur oğluna, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Çobanov Samir Natik oğluna, həmin şöbənin böyük məsləhətçisi Xəlilli Məhəmməd Məhərrəm oğluna, Qazax RİH başçısının köməkçisi Comərdov Seymur Bahadur oğluna, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orucov Sərdar Qənbər oğluna, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Mehdiyev Kamil Fazil oğluna, İbrahimov Bahadur Vaqif oğluna, aparıcı məsləhətçisi Axundov Süleyman Asif oğluna, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Bayramov Qərib Fazil oğluna Fəxri Fərmanlar təqdim olunub.

İcra aparatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qarşıdan gələn peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb. İcra başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən söz açaraq dahi şəxsiyyətin Vətəni, xalqı, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün böyük töhfə olduğunu bildirib. İllər keçsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. Rayon rəhbəri dövlət qulluqçularının öz peşə bayramlarını əlamətdar bir ildə qeyd edəcəklərini söyləyib. Ulu Öndər Heydər Əliyevin vətəndaşlara göstərdiyi qayğıdan söz açan rayon rəhbəri həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Dövlətin, ölkə rəhbərinin vətəndaşlara olan qayğılarının hər bir dövlət məmuruna nümunə olduğunu, Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da vətəndaş amilini, vətəndaş məmnunluğunun təmin olunmasını əsas götürmələrini tövsiyə edib. 

İcra başçısı qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən də ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilib. İnzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilib, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Rayon rəhbəri vurğulayıb ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib. Bundan əlavə, Respublika Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir. İdarəetmə sahəsində aparılan islahatlar nəticəsində idarəetmə strukturunun təkmilləşdirilərək çevik mexanizmin yaradılması xüsusi diqqət yetirilən vacib məsələlərdən biridir. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb və həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib.

İcra başçısı bildirib ki, ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər. İcra başçısı qeyd edib ki, dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır. İcra başçısı bildirib ki, Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Son illər dövlət qulluğunda çalışanların böyük əksəriyyətinin gənclər təşkil etdiyini qeyd edən icra başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğu ilə bağlı imzalanan fərman və sərəncamların da məhz gənc kadrların önə çəkilməsinə xidmət etdiyini bildirib. İcra başçısı qeyd edib ki, xüsusilə yerli icra hakimiyyəti orqanlarında işə qəbulla bağlı “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliklər, bununla bağlı imzalanan çoxsaylı Fərman və Sərəncamlar bir daha onu göstərir ki, dövlət qulluğu idarəetmədə böyük rol oynayır. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür. İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik. Rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil. Məsuliyyətdir. İnsanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olunan dövlət qulluqçularına Fəxri Fərmanlar təqdim edilib. 

Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Keçidlər