Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin körpə fidanları Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər

22 oktyabr 2022 | 19:09

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha onu göstərdi ki, Azərbaycan güclü dövlətdir və böyük gücə, qüdrətə sahib olan ordusu var. Ən əsası isə Ali Baş Komandanın yaratdığı Vətən müharibəsi modeli Azərbaycanın şanlı Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçilərimiz böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyuldu. 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə yekunlaşan bu müharibənin iki əsas qəhrəmanı vardır – şanlı Azərbaycan Ordusu və bu şanlı ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. 

Bu gün vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizi tanımalı və tanıtmalıyıq.

Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi də hər zaman şəhidlərimizi yad edir, igid Vətən oğullarına ehtiramlarını bildirirlər.

Məktəbin ibtidai sinif müəllimi Nüşabə Mustafayevanın sinif rəhbəri olduğu 3-cü sinifin şagirdləri hərb tariximizə adlarını qızıl hərflərlə yazan igid Vətən oğullarını bu gün də anıblar.

Körpə fidanlar əllərində tər qərənfil, üzərlərində şəhidlərimizin şəkli əks olunmuş geyimlərlə şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət ediblər.

Abidə Kompleksini ziyarət edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin valideynləri məktəblilərin şəhidlərə həsr etdikləri şeirləri dinləyiblər.

Məktəblilərin çıxışlarını dinləyən rayon rəhbərliyi və qonaqlar şagirdlərə, eləcə də şagirdləri hazırlayan sinif müəlliminə razılıqlarını bildiriblər.

Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nüşabə Mustafayeva şagirdlərə hər zaman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, həmin Zəfərin dövlət-xalq-ordu birliyi sayəsində qazanılması barədə məlumatların çatdırıldığını qeyd edib. Məktəblilərə həmişə bayrağımıza sahib çıxmağı, uca tutmağı, şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi tövsiyə etdiyini vurğulayıb. N.Mustafayeva bildirib ki, bu cür ziyarətlərin təşkil olunmasında məqsəd həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də məktəblilərin, böyüməkdə olan körpə balaların qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır. 

Keçidlər