Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə qarşı” maarifləndirmə tədbiri keçirilib
“Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq tarixli göstərişinin icrası məqsədilə Qazax Rayon Polis Şöbəsinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Noyabrın 23-də Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə qarşı” maarifləndirmə tədbiri keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərovanın, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədovun, polis rəisinin şəxsi heyət üzrə köməkçisi Natiq Əlyarovn, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədovun, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyevanın, narkoloq-həkim Nahidə Osmanovanın, məktəbin 10-11-ci sinif şagirdlərinin, müəllim heyətinin, valideynlərin iştirak etdiyi tədbirdə respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açılıb.
Məktəbin direktor əvəzi Könül Kərimova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq Rayon Polis Şöbəsinin rəhbərliyinə məktəb kollektivi adından minnətdarlığını bildirib. Yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsinə də hər zaman həssaslıqla yanaşdığını, bu sahədə görülən işləri daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Gənclərin sağlam gələcəyi naminə belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov məktəbliləri salamlayıb, tədbirin əhəmiyyətini vurğulayaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini önə çəkmək olduğunu qeyd edib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini bildirib. S.Əsədov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən natiq bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. S.Əsədov sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə edib.
Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün bu istiqamətdə mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalıdır. Gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidir. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib.
Tədbirdə çıxış edənlər narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıblar. Narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu gün polis əməkdaşları maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Çıxış edənlər gələcəyin qurucuları olan məktəbli və tələbələrin bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalı olduqlarını tövsiyə ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.