Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilməsi ilə əlaqədar uşaq və gənclərin əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilib

25 fevral 2026 | 22:18

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 16 dekabr 2024-cü il tarixli 35 nömrəli kollegiya qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bununla əlaqədar olaraq ötən ilin dekabr ayından etibarən Qazaxda hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu” yaradılıb və “Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planına əsasən Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Qazax İdman paytaxtı 2026”ya həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Təşkil edilmiş müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq, yeniyetmə və gənclərin aşkar edilməsi və dəstəklənməsi, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzində idmanın rolunun təşviq edilməsi olub.

Müsabiqədə  Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarından 3 qrup (I qrup 9-13 yaş üzrə, II  qrup 14-18 yaş üzrə, III  qrup 19-29 yaş üzrə) üzrə şagirdlər, gənclər iştirak ediblər.

Hər bir iştirakçı fərdi olaraq müsabiqəyə idman mövzusunda (akrobatika, aerobika, avarçəkmə, armrestlinq, atçılıq, atıcılıq, basketbol, boks, boulinq, valeybol, velosiped, karate, güləş, üzgüçülük, futbol, şahmat, tennis, cüdo, dama, qılıncoynatma, ox atma, xokkey, bilyard və s.) əsərlər təqdim ediblər. Həmçinin, "Qazax İdman paytaxtı 2026"nın loqosunda Qazaxın rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı, layihə üçün hazırlanan maskotdakı Qazaxa xas aşıq sənətinin rəmzi olan sazla gənc idmançı mövzusunda çəkilmiş rəsmlər də müsabiqəyə təqdim olunub.

Rəsm müsabiqəsi 2 mərhələdə reallaşdırılıb. Rayonlarda olan 1-ci mərhələdə qalib elan edilən rəsm əsərləri region mərhələsinə təqdim edilib.

Fevralın 25-də Qazax Dövlət Rəsm Qalereyasında müsabiqənin yekun mərhələsi təşkil edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev,  Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova və digər qonaqlar rəsm müsabiqəsinə təqdim olunmuş əsərlərə, əl işlərinə baxış keçiriblər. Gənc və yeniyetmələrin əl işləri ilə yaxından tanış olublar. Rayon rəhbərliyi müsabiqə iştirakçıları ilə səmimi söhbət edərək onlara uğurlar arzulayıb, "Qazax İdman paytaxtı 2026"ya həsr edilmiş rəsm müsabiqəsinə qatıldıqları və bu sahədə töhfə verdikləri üçün gənclərə razılığını ifadə edib.  

Müsabiqə iştirakçıları idman mövzusunda nümayiş etdirdikləri rəsmlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarından olmaqla ümumilikdə, rəsm müsabiqəsinə 85 əl işinin təqdim edildiyini bildirib.

Rəsmlərin qiymətləndirilməsi komisiya tərəfindən həyata keçirilib. Qiymətləndirmə nəticəsində hər qrup üzrə bir – I, iki – II, üç – III yeri tutan müsabiqənin qalibləri müəyyən edilib. Qaliblərin mükafatlandırılması isə "Qazax İdman paytaxtı 2026"nın təntənəli açılış mərasimində olacaq.

Keçidlər