Qazax şəhərinin şagirdləri də “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulub
Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Qazax şəhəri oldu.
Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova layihə iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, yay məktəbinin Qazax şəhərində keçirilən beşinci günündə 29 şagird iştirak edib, kodlaşdırma və robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarışlar və oyunlar təşkil olunub.
Layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və Heydər Əliyev irsini təbliğ etməkdir.
Layihə çərçivəsində işğaldan azad olunan bölgələrdə yenidən inşa edilən kəndlərə və ucqar kəndlərə marşrut üzrə (Zəngilan–Laçın–Neftçala–Göyçay–Qazax–Tərtər–Qax–Bakı) səfər olunacaq. Ümumilikdə isə layihə 300-dən çox şagirdi əhatə edəcək. Layihə bu il Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, “Asmart Creative Hub” yaradıcılıq mərkəzi, “Start IT” şirkəti, “Women in Tech Azerbaijan” “Kids Inc.” proqramı, Milli Debat Proqramı, “Azerbaijan Public Speaking Competition” proqramının tərəfdaşlığı ilə həyata keçirilir.
Bu layihə artıq 6-cı dəfədir ki, hər il fərqli konsepsiya üzrə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməsi məqsədilə həyata keçirilir. 2016-cı ildən etibarən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 rayonu və böyük şəhərlərini əhatə etməklə 22 ali və orta təhsil müəssisəsi, 62 şəhər məktəbi, 98 kənd-qəsəbə məktəbini təmsil edən 900-dən artıq şagird və tələbə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 350 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.
Təhsil avtobusu Qazax şəhərindən sonra Tərtər şəhərinə yola düşəcək.