Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib

01 iyun 2024 | 16:08

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ümummilli Liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.

1 Iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd edilib.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.

Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısı şarlar,  gül-çiçəklər və  “1 İyun  - Uşaqların  Beynəlxalq Müdafiəsi Günüdür” adlı banerlə bəzədilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri və övladları, günün səbəbkarı olan uşaqlar iştirak ediblər.

Tədbirin aparıcısı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətlə tədbirdə iştirak edən qonaqları salamlayıb, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin övladları başda olmaqla, bütün uşaqları təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Gələcəyimiz olan balaca fidanlara aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayıb. Səhərlərimizin atəş səsləri ilə deyil, körpə səsləri ilə açılmasını, körpə gülüşünün dünyanın “Sevinc himninə” çevrilməsini arzu edib.

Sonra söz bu günün səbəbkarı olan uşaqlara verilib. Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi “Xoşbəxt olsun uşaqlar” mahnısını səsləndirərək həmyaşıdlarını təbrik ediblər.

Mədəd Mədədzadə “Bu gün bayram” söyləyərək təbriklərə qoşulub. Zəhra Abdullazadə “Yaşa Azərbaycan”, Məhəmməd Budaqov “Azərbaycan” söyləyiblər. Ömər Orucov skripkada “Şən uşaqlar” ifa edib.

Qazax rayon Mədəniyyət Mərkəzinin “Buta” rəqs qrupunun təqdim etdikləri “Şuşanın dağları”, qrupun üzvü Aylin Məmmədovanın təqdim etdiyi “Uzundərə” rəqsləri alqışlarla qarşılanıb.

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Xaliq Hacıeyyubov və Məhəmməd Əlivəliyev sazda ifa etdikləri mahnı töhfəsi ilə tədbirə rəng qatıblar. Məktəbin şagirdləri Samir Mehdizadə “Azərbaycan”, Kənan Zeynallı ”Doğma diyar” söyləyərək təbriklərə qoşulublar. 

“By Hoca” qrupunun üzvü Müjgan Məhərrəmova skripkada “Ştorm” ifa edib. Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Hakim Abdullayev “Yenilməz batalyon” kinofilmindən musiqi səsləndirib.

Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin “Xəmsə” vokal qrupu “Uşaqların bayramı” söyləyərək tədbirə toplaşanlara xoş anlar yaşadıblar.

Tədbirdə Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kəndinin igid oğlu kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun qızı Zümrüd Mustafayeva da şəhidlərə həsr olunmuş şeir səsləndirərək “Qarabağ Azərbaycandır!” söyləyib.

Şən klounların səhnəyə gəlişi uşaqların sevincinə səbəb olub.

Keçidlər