Qazaxda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib
Fevralın 27-də Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat va ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Hümbətov, Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Həsənəli İsmayılov və Qazax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları iştirak ediblər.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə, o cümlədən rayonumuzda mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat va ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Hümbətov çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov tədbirin əhəmiyyətindən söz açaraq bu günün vacibliyini bir daha vurğulayıb. A.Hümbətov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərmiş, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalmışdır. Dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolu vardır. Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsi baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması əlverişli üsul hesab olunur, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitə vasitələrinin böyük rolu vardır. Ötən dövr ərzində Respublika Prezidenti İlham Əliyevin bu sahədə verdiyi Sərəncamlar nəticəsində əhalinin və ərazinin təhlükəsizliyi sahəsində böyük işlər görülmüşdür.
Qazax Rayon Mərkəzinin Xəstəxanasının Mülkü Müdafiə qərargah rəisi Mehman Carçıyev, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Həsənəli İsmayılov, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi, müdir müavini Əmirxan Mamedov, Gigiyena və Epidemiologiya Mərkəzinin dirktor əvəzi Səidə Hüseynova mövzu ətrafında çıxış edərək bu günün əhəmiyyətini vurğulayıblar.
Tədbirdə mövzu ilə bağlı slayd təqdimatı olub və tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılıb.
Tədbirin 2-ci hissəsində Qazax Mərkəzi Xəstəxanasının heyətinin və mülki müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışı olub. Mərkəzin qərargah rəisi hazırlıq barədə Mərkəzin mülki müdafiə rəhbərinə raport verib.
Qazax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən ilk tibbi yardım, tibbi mühafizə vasitələrindən istifadə qaydaları nümayiş olunub.
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib. Könüllüləri ilə birgə xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən çıxarılmasını əyani formada göstəriblər.







