Qazaxda 12 Noyabr – Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilib
Bu gün qürurla söyləyə bilərik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Ulu Öndər Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi qədirbilən xalqı tərəfindən hər zaman hörmət və ehtiramla anılacaq.
Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir.
Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
Noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda hüquqşünasların iştirakı ilə dəyirmi masa təşkil edilib.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən dəyirmi masada RİH başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək iştrakçıları rayon rəhbərliyinin adından salamlayıb, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbriklərini çatdırıb. M.Alıyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Birinci müavin qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O, isə öz həyatını doğma Azərbaycan xalqına həsr etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. M.Alıyev bildirib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Birinci müavin Ulu Öndərin 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlərin xalqın yaddaşında daim qalacağını söyləyib. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritminin büsbütün dəyişdiyini, ölkədə görünməmiş canlanma və yüksəlişin başlandığını vurğulayıb. M.Alıyev Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdiyini bildirib. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümdən çəkinməyərək nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla, Azərbaycanda hüquqi dövlətin möhkəm təməli qoyulmuş və hüquq islahatlarının aparılmasına başlanılmışdır. Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı bünövrə üzərində Azərbaycan sürətlə inkişaf edir. Ötən 20 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin bütün sahələrdə davamlı şəkildə həyata keçirdiyi islahatlar cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquqi sferada dövlət orqanlarının fəaliyyətində dinamizmi təmin etmişdir. M.Aliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximiz yeni uğurlarla zənginləşir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tariximizin şərəfli səhifələri olmaqla bərabər, həm də Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirir. Bütün bunlar həm də ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır, Ulu Öndərin arzuları gerçək olur.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Ü.Orucova qeyd edib ki, Azərbaycanda milli özünüdərk və etnomədəni özünüifadənin bütün formalarının geniş vüsət almasına, ictimai şüurun yüksəlməsinə təkan vermiş sürətli inkişaf strategiyasının seçilməsi və böyük uğurla həyata keçirilməsi Heydər Əliyevin əsasını qoyduğu idarəetmə fəlsəfəsinin aparıcı ideya-siyasi qayəsini təşkil edir. Qısa vaxtda cəmiyyət həyatının bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi, bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən bu gerçəkliklər, əslində, daha böyük niyyətlərin həyata keçirilməsinə də meydan açmışdır. Bütün bunlar milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət etmişdir. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. Ü.Orucova qeyd edib ki, Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Ü.Orucova vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir. Xalqımızın düşmən üzərində möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürur və iftixar hissi ilə qeyd edilir.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin hüquqşünası Pərvin Əhmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mövzu ətrafında fikirlərini bölüşüb. P.Əhmədov bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Ümummilli Liderin başladığı köklü islahatların nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.