Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı keçirilib

10 iyun 2023 | 15:49

İyunun 10-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının və Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist Məmməd Əfşanın adı tariximizin müasir müstəqillik səhifələrinə qızıl hərflərlə yazılmış Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına və iyun hadisələrinə həsr etdiyi “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitabı iştirakçılara təqdim edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, ziyalılar, səhiyyə, mədəniyyət işçiləri, AYB Qazax zona filialının üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi əvvəlcə Mərkəzin dərnək üzvlərinin rəsmlərindən və Ulu Öndərə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olub.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, mədəniyyətimizə, ədəbiyyatımıza, bu sahədə çalışan insanlara verdiyi dəyəri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. B.Vüsal dahi şəxsiyyət Heydər Əliyevin Ümummilli Lider kimi müasir müstəqil Azərbaycanın var olması üçün müstəsna xidmətlər göstərdiyini qeyd edib. Azərbaycanı son dərəcə çətin sınaqlardan çıxardığını, xalqı əbədi müstəqillik yoluna apardığını söyləyib. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərin ölkənin parçalanmaq təhlükəsini aradan qaldırdığını, Azərbaycan dövlətini və xalqını fəlakətin caynağından qurtararaq milli dövlətçiliyi xilas etdiyini söyləyib. Öz adını müasir Azərbaycan dövlətinin xilaskarı kimi tariximizə əbədi yazdırdığını vurğulayaraq xalqımızın böyük oğlunu heç zaman unutmayacağını qeyd edib. Şair-publisist, jurnalist Məmməd Əfşanın Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına və iyun hadisələrinə həsr etdiyi “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitabdan söz açan şair Ulu Öndərin iyun hadisələrindəki misilsiz xidmətlərinin böyük ustalıqla, xronoloji ardıcıllıqla qələmə alındığını diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. Əlamətdar günə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbirin “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu bildirib. İcra başçısı Ulu Öndərin keçdiyi yolları və tarixi vərəqlədikcə onun atdığı addımların hər bir azərbaycanlını qürurlandırdığını qeyd edib. Ulu Öndərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə müasir müstəqil Azərbaycanın qurulması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, Ümummilli Lider hakimiyyətə gəlişi ilə ən geridə qalmış Azərbaycanı qısa bir vaxtda inkişaf etmiş ölkələr sırasına gətirib çıxardı. Ölkədə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələr sürətlə inkişaf etməyə başladı. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Xalqımızı nicata aparan yoldan söz açan rayon rəhbəri bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etdi.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında əbədi və unudulmaz xidməti olduğunu bildirib. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Rayon rəhbəri qeyd edib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

İcra başçısı vurğulayıb ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

“Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi”, - deyən icra başçısı bu gün onun arzusunun çin olduğunu qeyd edib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildiyini bildirib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirdiyini söyləyib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasətin həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapdığını qeyd edib. İcra başçısı Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək o arzunu çin etdiyini bildirib. 2020-ci ilin 27 senytabrında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə o arzunun gerçək olduğunu söyləyib. Şair-publisist, jurnalist Məmməd Əfşanın Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına və iyun hadisələrinə həsr etdiyi “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitab haqqında fikirlərini bölüşən icra başçısı tarixi əhəmiyyət daşıyan kitabın ərsəyə gəlməsinə görə müəllifə razılığını ifadə edib. Ulu Öndərin iyun hadisələrində göstərdiyi misilsiz xidmətlərin gələcək nəsillərə çatdırılmasında sözügedən kitabın böyük töhfə olduğunu qeyd edib. İcra başçısı sonda bir daha 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb, ölkəmizin müstəqilliyinin əbədi, dönməz olmasını arzulayıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki. Azərbaycanın bu gününü və gələcəyini anlamaq üçün Heydər Əliyevin siyasi xəttini, Heydər Əliyevin dövlət adamı olaraq gücünü anlamaq üçün Azərbaycanın 1988-1993-cü illərdəki tarixini izləmək yetərlidir. Hamının gördüyü, bildiyi fakt mövcuddur ki, Azərbaycan öz milli siyasi azadlığı uğrunda mübarizəyə hələ 1988-ci ildə qalxsa da, öz dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, gerçək milli siyasi azadlığın nə demək olduğunu biz azərbaycanlılara yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonrakı dövr anlatdı. Həmin illərdə müstəqillik uğrunda AXC sözdə, Heydər Əliyevin isə əməldə gerçək işi ilə xarakterizə edilən mübarizələr elə də uzaq keçmiş deyil. Heydər Əliyevin Azərbaycana dönüşü ilə müstəqillik, azadlıq, sabitlik yolu başladı. Xalqın və Heydər Əliyevin sarsılmaz inamını ifadə edən amillər təsdiqləyir ki, o dövrlərdə Azərbaycan dövlətinin öz mövcudluğunu qoruyub saxlaması üçün Ümummilli Liderin siyasi kursuna ciddi ehtiyac var idi və bu tarixi tələbata çevrilmişdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Məhz belə bir vəziyyətdə xoş gələcəyi naminə fədakarlıqla çalışdığı zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə cəsarətlə addımlamaq üçün qayıtdı-istiqlalımızın böyük öndəri. Çünki Heydər Əliyev dövlətini və xalqını, millətini sevən ən böyük siyasət nəhəngi idi. Nəhənglər isə millətinin və dövlətinin taleyinə biganə qala bilməzlər. O qayıtdı və öz zəngin dövlətçilik təcrübəsi ilə böyük Azərbaycan sevdası ilə müstəqilliyini yeni bərpa etmiş amma səriştəsiz, naşı rəhbərlərin bacarıqsızlığı və milli mənafelərimizə zidd mövqe tutması nəticəsində itirilmək, parçalanıb məhv olmaq təhlükəsinə məruz qalmış Azərbaycanı xilas etmək kimi missiyanın icrasına başladı. Bu fəaliyyət xalqımızın, millətimizin və dövlətimizin qurtuluşu idi. Bütün bu mühüm tarixi hadisələrin gedişində məhz Azərbaycan xalqına, onun aparıcı qüvvələrinə, o cümlədən, yaradıcı ziyalılarına etibar etmiş. onlara arxalanaraq əhəmiyyətli görüşlər, məsləhətləşmələr keçirmişdir. 1993-cü ilin iyun ayı, iyun hadisələri tarixin reallığı idi və Azərbaycanın tarixində dönüş nöqtəsi kimi xarakterizə edilir. Belə bir dövrün tarixi şəxsiyyəti Heydər Əliyev, Heydər Əliyevin böyük mübarizə yolu isə bu dövlətin epopeyasıdır. Şair-publisist Məmməd Əfşanın “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitabından söz açan C.Hüseynova qeyd edib ki, kitabada Ulu Öndərin tariximizin müasir müstəqillik səhifələrinə qızıl hərflərlə yazılmış qayıdışı çox dəqiqliklə tarixi faktlarla  eyni zamanda şair ruhu ilə emosional və obrazlı şəkildə təsvir olunub. Kitabda Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi təbii bir heyrət və heyranlıq hissi doğurur. Heydər Əliyev mürəkkəb vəziyyətlərdə uzaqgörənliklə, soyuqqanlıqla çox çevik, eyni zamanda, özü haqda düşünmədən xalqı, milləti naminə öz canını əsirgəmədən təhlükəyə addımlaması bir daha Heydər Əliyevin sadə,  amma adi bir insan olmadığını oxucuya çatdırır. İyun hadisələrinə Heydər Əliyevin misilsiz missiyasını 15 gün ərzində müxtəlif sujet və epizodlarda əks etdirən M.Əfşanın kitabda yazdığı fikirləri qeyd edərək bildirib ki, göy ulduzlarla dopdolu olsa da Günəş təkdir. Küllü aləm onun istisindən, işığından bəhrələnən kimi Azərbaycan xalqı da Heydər Əliyevin gücünə, qüdrətinə, istedadına, bacarığına, siyasi sanbalına, böyük dövlətçilik təcrübəsinə, xalq kütləsini öz arxasınca aparmağa qadir olan qətiyyətinə inanıram.

Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək zəmanəmizin böyük azərbaycanlısı, amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində əbədi yaşadığını qeyd edib. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll etdiyini bildirib. Uğurlu və məqsədyönlü islahatlar apararaq müstəqil Azərbaycan dövlətinin əbədiliyini və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etdiyini, müasir Azərbaycanın banisi olduğunu bildirib. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin onun bizlərə miras qoyduğu Azərbaycanı uğurla inkişaf etdirərək müstəqilliyi daimi, əbədi etdiyini vurğulayıb. Şair-publisist Məmməd Əfşanın “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitabından söz açan F.Xudiyeva şairin o dövrdə olan hadisələri ustalıqla, peşəkarcasına qələmə aldığını və oxuculara çatdırdığını, kitabı oxuyan hər kəsin sanki həmin hadisələrin canlı şahidinə çevrildiyini bildirib. Gənclər üçün belə kitabların olduqca böyük əhəmiyyət daşıdığını qeyd edib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim Gültac Qədiməliyeva çıxış edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olub. Həmin dahi insanlar xalqı öz arxasınca aparır, tale yüklü məqamlarda xalqla birlikdə həmin məqamlardan qalib kimi çıxırlar. Bizim xalqın da qəhrəmanı, milli dövlətçiliyimizin xilaskarı dahi rəhbər Ulu Öndər Heydər Əliyevdir. Gənc kadr olaraq Ulu Öndərin Azərbaycan gənclərinə olan qayğısından söz açan G.Qədiməliyeva bildirib ki, onun yaratdığı sistemin nəticəsidir ki, ölkəmizin müxtəlif sahələrində fəal gənclər ön plana çəkilirlər. Onlara həvalə edilən işləri əzmlə yerinə yetirə bilirlər. Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Onun tərəfindən əsası qoyulan siyasi kurs bugünkü dinamik, sosial-iqtisadi inkişafın təməl daşını təşkil edir. Biz gənclər də bu zəngin əbədi irsin layiqli davamçıları olmalıyıq.

Əməkdar jurnalist Sərhəd Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tələbə illərində Ulu Öndər Heydər Əliyevlə olan xatirələrini bölüşüb. “Heydər Əliyev İli”nin xalqımızın öz böyük oğluna olan sonsuz ehtiramını bir daha çatdırmaq üçün böyük töhfə olduğunu bildirib. Ulu Öndərin ziyalılara, yazarlara hər zaman qayğı ilə yanaşdığını qeyd edən S.Məmmədov ailəsinin timsalında həmin qayğını hiss etdiklərini söyləyib.

AYB-nin üzvü, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı çıxış edərək bildirib ki, bir xalqı, milləti xoşbəxt etmək üçün ilahi qüdrətə malik dahi rəhbər olmalıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ulu Öndəri, Ümummilli Lideri olub, bu gün də var və qəlblərdə əbədi yaşayır. Dahi şəxsiyyətə həsr etdiyi şeiri səsləndirən şair Ulu Öndərə olan sonsuz ehtiramını ifadə edib. 

Birinci Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun bacısı, kitabxanaçı Hicranə Əhmədqızı çıxış edərək Azərbaycanın Ümummilli Liderinə çevrilən Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə bugünkü müasir müstəqil ölkəmizin əsasını qoyduğunu bildirib. Azərbaycanı parçalanmaq təhlükəsindən qoruyan dahi rəhbərin min bir qan bahasına əldə etdiyimiz müstəqilliyimizi əbədi və dönməz etdiyini qeyd edib. Taleyin Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyətin daim qəlblərdə yaşayacağını söyləyib.

AYB-nin üzvü, şair Səhlədar Hidayətoğlu, Ürkməzli kənd Sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova, şair Yasin Cavan, Bilal Qoca, AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu Ulu Öndər Heydər Əliyevə həsr etdikləri şeirlərlə dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Şair-publisist Məmməd Əfşanın “Milləti və dövləti sarsıdan 15 gün” adlı kitabdan söz açaraq kitabda hadisələrin real şəkildə əks olunduğunu söyləyiblər. Hadisələrin belə ustalıqla yazılmasına görə müəllifə minnətdarlıqlarını bildiriblər. Ulu Öndərin həyat və fəaliyyətinin, xüsusilə də iyun hadisələrindəki misilsiz xidmətlərinin gələcək nəsillərə çatdırılmasında kitabın böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Keçidlər