Qazaxda “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə Qazax Rayon İcra Hakimiyyətində “2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov, Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Bəhayi Nəsirov, Qazax Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Mülki müdafiə xidmət rəisləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. FHN Gəncə Regional Mərkəzi ilə olan əməkdaşlıqdan söz açan birinci müavin mütəmadi olaraq maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, həmin tədbirlərin bu gün də nümunəvi tədbir kimi yadda qaldığını qeyd edib. Mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayan M.Alıyev bundan sonra da baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınması istiqamətində məqsədyönlü işlərin görüləcəyini, FHN Gəncə Regional Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq şəraitində lazımi tədbirlərin keçiriləcəyini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən danışıb. A.Hümbətov cari ildə görülmüş işlərə dair məruzə ilə çıxış edərək bildirib ki, 2022-ci tədris ilində illik Mülki müdafiə tədbirləri planına əsasən Rayon İcra Hakimiyyətində, yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda Mülki müdafiə tədbirlərinin icrası təmin olunmuş, əhaliyə və işçilərə Mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ olaraq aradan qaldırılması üçün Mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Tədris ilində Mülki müdafiə hazırlığında əsas məqsəd - Mülki müdafiənin təbliği, əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, Mülki müdafiə qüvvələrinin daimi hazırlığının təmin edilməsi olmuşdur. Rayon əhalisinin maarifləndirilməsi üçün təbliğat xarakterli məlumatlar Rayon İcra Hakimiyyətinin rəsmi saytında və GÖYƏZƏN.AZ internet portalında yerləşdirilmiş, qeyd olunan problemin aktuallığı və ciddiliyi nəzərə alınaraq bu sahə nəzarətdə saxlanılmışdır. Əhalinin maarifləndirilməsi və Mülki müdafiə qüvvələrinin hazırlığı ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi, Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda tədbirlərin məhdud sayda iştirakçı ilə və ya videoformatda keçirilməsi təmin edilmişdir. 25 may 2022-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində “Dinc və müharibə dövrlərində fövqəladə hallarda davranış qaydaları” mövzusunda maarifləndirici tədbir, 20 oktyabr 2022-ci il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda nümunəvi dərs keçirilmiş, 22 sentyabr 2022-ci il tarixində isə rayonun ərazi Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqi keçirilmişdir. Məşqə Rayon Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə qərargahı, Gəncə Regional Mərkəzinin əməkdaşları, Mülki müdafiə xidmətləri və ərazi qüvvələrinin rəhbər və şəxsi heyəti (texnika, avadanlıq və əmlakla təchiz olunmuş vəziyyətdə) cəlb edilmişdir. Keçirilmiş tədbirlərdə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak etmişdir. A.Hümbətov 2023-cü tədris ilində Qazax rayonunun idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin təqvim-planının, Qazax Rayon İcra Hakimiyyətinin 2023-cü il üçün illik Mülki müdafiə tədbirləri planının və Mülki müdafiə kurslarının 2023-cü ildə komplektləşdirmə planının, eyni zamanda Mülki müdafiə üzrə 2022-ci tədris ilinin yekunu və 2023-cü tədris ilində qarşıda duran vəzifələr barədə Sərəncam layihəsinin hazırlandığını da diqqətə çatdırıb.
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mərkəzlə olan əməkdaşlığa, daim göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. F.Murdov “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydasından, Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən sənədlərdən, Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planından danışıb. Natiq çıxışı zamanı obyekt məşqinin, rəhbər heyətin toplanış məşqinin, xəbərdarlıq toplanış məşqinin, kompleks mülki müdafiə təlimlərinin əhəmiyyətindən söz açaraq bu barədə geniş məlumat verib.
Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Bəhayi Nəsirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bugünkü tədbirin yerində keçirilən bir tədbir olduğunu vurğulayıb. Mülki müdafiə rəhbəri, mülki müdafiə qərərgahları, yaradılan manqalar, Fövqəladə Hallar Komissiyası, tədris qrupları, keçirilən kurslar barədə geniş məlumat verib.
Tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları region üzrə mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib. Əməkdaşlar rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat veriblər.
Müşavirələrin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.