Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

14 dekabr 2023 | 19:37

Dekabrın 14-də Qazax Rayon İcra Hakimiyyətində “2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov, Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, Qazax Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Mülki müdafiə xidmət rəisləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. FHN Gəncə Regional Mərkəzi ilə olan əməkdaşlıqdan söz açan birinci müavin mütəmadi olaraq maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, həmin tədbirlərin bu gün də davam etdirildiyini qeyd edib. Mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayan M.Alıyev bundan sonra da baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınması istiqamətində məqsədyönlü işlərin görüləcəyini, FHN Gəncə Regional Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq şəraitində lazımi tədbirlərin keçiriləcəyini bildirib. M.Alıyev ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə olduğunu bildirib. “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd edib. M.Alıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət  ayırdığını, bu sahəni daim diqqət mərkəzində saxladığını qeyd edib. Bu gün bu sahədə olan işlərin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Natiq çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. M.Alıyev çıxışı zamanı müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyaları və rabitə vasitələrinin rolunun vacibliyini bildirib. Hər hansı bir fövqəladə hadisənin baş verməməsi üçün bütün qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsində, hadisənin qarşısının əvvəlcədən alınmasında hər bir vətəndaşın, dövlət məmurunun üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Mövcud nöqsanların aradan qaldırılması istiqamətində verilən təklif və tövsiyələrdən hər kəsin nəticə çıxarmalı olduğunu söyləyib. Qeyd edib ki, məqsəd tədbir iştirakçılarının diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən danışıb. A.Hümbətov cari ildə görülmüş işlərə dair məruzə ilə çıxış edərək bildirib ki, 2023-cü tədris ilində illik Mülki müdafiə tədbirləri planına əsasən Rayon İcra Hakimiyyətində, yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda Mülki müdafiə tədbirlərinin icrası təmin olunmuş, əhaliyə və işçilərə Mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ olaraq aradan qaldırılması üçün Mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Tədris ilində Mülki müdafiə hazırlığında əsas məqsəd - Mülki müdafiənin təbliği, əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, Mülki müdafiə qüvvələrinin daimi hazırlığının təmin edilməsi olmuşdur. Əhalinin maarifləndirilməsi və Mülki müdafiə qüvvələrinin hazırlığı ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. A.Hümbətov qeyd edib ki, 2023-cü tədris ilində Qazax rayonunun idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin təqvim planı tərtib edilmiş, Gəncə Regional Mərkəzi ilə razılaşdırılaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən hesabatlar vaxtlı-vaxtında Regional Mərkəzə təqdim olunmuşdur. Eyni zamanda, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən hesabatların Regional Mərkəzə təqdim edilməsi üçün idarə, müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

10 may və 22 noyabr 2023-cü il tarixlərdə Ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi təmin edilmişdir.

Gəncə Regional Mərkəzinin 2023-cü il üçün MM tədbirləri planına uyğun olaraq, 25.05.2023-cü il tarixdə Gəncə Regional Mərkəzinin və Qazax RİH-nin birgə təşkilatçılığı ilə Qazax Magistral Qaz Kəmərləri Sahəsində nümunəvi obyekt mülki müdafiə məşqi keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə kurslarının 2023-cü ildə dinləyicilərlə komplektləşdirilməsi planına uyğun olaraq hesabat dövründə “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərləri”, “TTİ üzrə direktor müavinləri”, “İnzibati ərazi dairəsi üzrə nümayəndələr”, “Bələdiyyə sədrləri”,“Xilasetmə manqa komandirləri”,“Kəşfiyyat manqa komandirləri”,“Rabitə manqa komandirləri”,“Radiasiya-kimya müşahidə postu komandirləri”,“Yanğınsöndürmə manqa komandirləri”,“Qəza-texniki manqa komandirləri”,“İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri”,“Kənd təsərrüfatı heyvanlarının mühafizəsi manqalarının komandirləri”,“Sığınacaq və daldalanacaqlara xidmət üzrə”,“Tibb manqa komandirləri üzrə”, “Ümumtəhsil orta məktəblərin direktorları”,“İstehsal və sosial təyinatlı obyektlərin rəhbərləri”,“Obyektlərin FHK-nın sədrləri”,“MM mütəxəssisləri” katiqoriyaları üzrə təşkil olunmuş kurslarda 34 nəfər iştirak etmişdir.

“1 mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 1 mart 2023-cü il tarixdə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu!” mövzusunda silsilə tədbirlərin keçirilməsi təmin edilmişdir.

Rayonun ümumtəhsil, texniki peşə və orta ixtisas təhsil müəssisələrində 2023-cü ilin aprel və may aylarında mülki müdafiə günləri, Gəncə Regional Mərkəzinin və Qazax RİH-nin birgə təşkilatçılığı ilə 4 sentyabr 2023-cü il tarixdə ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə metodiki toplantı keçirilmişdir.

Rayon ərazisində rabitə və xəbərdarlıq sisteminin vəziyyətinə nəzarət edilməsi, hazır vəziyyətdə saxlanılması, fövqəladə hadisələr zamanı idarəetmənin operativ təşkili, mərkəzi çağırış dayağının və elektrik sirenaların işlək vəziyyətdə saxlanılması, mühəndis mühafizə qurğularının istismarına və hazır vəziyyətdə saxlanmasına nəzarət edilməsi, fərdi mühafizə vasitələrinin, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazlarının laboratoriya sınağından keçirilməsi ilə bağlı aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mərkəzlə olan əməkdaşlığa, daim göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. F.Murdov “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Respublika Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının 2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydasından, Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən sənədlərdən, Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planından danışıb. Natiq çıxışı zamanı obyekt məşqinin, rəhbər heyətin toplanış məşqinin, xəbərdarlıq toplanış məşqinin, kompleks mülki müdafiə təlimlərinin əhəmiyyətindən söz açaraq bu barədə geniş məlumat verib.

Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Bəhayi Nəsirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bugünkü tədbirin yerində keçirilən bir tədbir olduğunu vurğulayıb. Mülki müdafiə rəhbəri, mülki müdafiə qərərgahları, yaradılan manqalar, Fövqəladə Hallar Komissiyası, tədris qrupları, keçirilən kurslar barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları region üzrə mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib. Əməkdaşlar rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat veriblər.

Keçidlər