Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 2025-ci ildə rayon ərazisində kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar yaradılmış yardım Komissiyasının növbəti iclası keçirilib

14 mart 2025 | 21:10

Məlum olduğu kimi, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı imzalanmışdır. Sözügedən Qərara əsasən 2025-ci ilin iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcəkdir. Qərarın icrası məqsədilə “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyəti başçısının 9 dekabr 2024-cü il tarixli 9-23/398 nömrəli Sərəncamına uyğun olaraq müvafiq yardım Komissiyası yaradılmışdır.

Qeyd edək ki, Komissiyanın yaradılmasında məqsəd rayonda siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını, siyahıyaalmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsini təmin etməkdir.

Martın 14-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında sözügedən məsələlərlə əlaqədar yardım Komissiyasının növbəti iclası keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Vəliyevin, icra aparatının məsul şəxslərinin, Komissiya üzvlərinin, RİH başçsının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, Bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarından irəli gələn məsələlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək iştirakçıları salamlayıb, iclasın əhəmiyyətindən söz açıb. A.Vəliyev Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə daxil edilmiş inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri məlumatlarının 2025-ci il aprelin 1-dək tam dəqiq şəkildə bir daha yoxlanılmasını, prosesin qısa vaxtda yekunlaşdırılmasını vurğulayıb. Artıq iyul ayından siyahıyaalmanın başlayacağını qeyd edən müavin bütün sahələrdə olduğu kimi, rayonda kənd təsərrüfatının siyahıyaalınması prosesinə də məsuliyyətlə yanaşmalarını, qeyd edilən vaxtda icrasını başa çatdırmalarını bildirərək Komissiya üzvlərinə, aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib.

Qazax Rayon Statistika İdarəsinin rəisi Dürdanə Xəlilova çıxış edərək 2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasının vaxtının dəqiqləşdirildiyini, iyul ayının 15-dən avqustun 15-dək bütün təsərrüfat kateqoriyalarında aparılacağını söyləyib. Bunun üçün təqvim planının, siyahıyaalma vərəqəsi formasının və doldurulması qaydasının layihələrinin hazırlanaraq İstiqamətləndirici Komitəyə təqdim olunmasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Texniki Komitə yaradıldığını diqqətə çatdırıb. Kənd təsərrüfatının siyahıyaalınmasına cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların seçiləcəyini, orta hesabla 120 təsərrüfat üçün 1 nəfər sayıcının ayrılacağını, seçilmiş sayıcıların təlimatlandırılacağını diqqətə çatdıraraq sayıcı seçiləcək şəxslərin adlı siyahılarının təqdim olunmasını bildirib. D.Xəlilova kənd təsərrüfatının siyahıyaalınmasının ölkə təcrübəsində ilk dəfə olaraq planşetlər vasitəsilə həyata keçiriləcəyini bildirib. Kənd təsərrüfatına aid bütün sahələrdə - torpaq, kənd təsərrüfatı təyinatlı tikintilər, ev heyvanları, bitkilər, əkin sahələri barədə sorğu aparılacağını və bunun üçün xüsusi sorğu vərəqələrinin hazırlandığını qeyd edib. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seymur Comərdov mövzu ətrafında çıxış edərək səslənən məsələlərin həlli istiqamətində lazımi tapşırıqlarını verib.

Sonda müvafiq Qərarın əhəmiyyəti diqqətə çatdırılaraq icra olunması sahəsində görüləcək işlər bir daha müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Keçidlər