Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

25 iyun 2022 | 18:00

26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Növbəti tədbir iyunun 25-də Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!” mövzusunda keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən keçirilən tədbirdənarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülmüş işlərdən danışılıb. Narkomaniyanın törətdiyi fəsadlardan, narkotik vasitələrin zərərlərindən, insan və cəmiyyət üçün yaratdığı problemlərdən geniş şəkildə bəhs edilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdəQazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Məmməd Alıyev, Komissiya üzvləri, icra aparatının məsul şəxsləri, Rayon Prokurorunun müavini Qasım Ağayev, Rayon Polis Şöbəsində İctimai Təhlükəsizlik Bölməsinin rəisi Emin Həsənov, narkoloq-həkim Nahidə Osmanova, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, direktor müavinləri, psixoloqlar və yuxarı sinif şagirdləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak ediblər.                                

Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Tədbirin məqsəd və əhəmiyyətindən danışan M.Alıyev qeyd edib ki, bu gün burada toplanmağımızın əsas məqsəd və məramı bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, yəni ağ ölümə qarşı mübarizə tədbirlərini daha da möhkəmləndirmək və təkmilləşdirməkdir. M.Alıyev qeyd edib ki, cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən, Qazax rayonunda kompleks tədbirlər həyata keçirilir. Bununla bağlı təbliğat işləri genişləndirilmiş, profilaktik tədbirlərin səmərəliliyi artırılmışdır. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur. Məlum fərmanlardan və proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın rəhbərliyi ilə Rayon Gənсlər və İdman İdarəsi, Rayon Təhsil Sektoru, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial–İqtisadi Kolleci və Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərin rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və ictimaiyyətin nümayəndələri narkomanlığa qarşı mübarizə məqsədilə müntəzəm olaraq tədbirlər həyata keçirirlər. Bununla əlaqədar ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir.

Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir. M.Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir. Hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrasına başlanılmışdır. Bu, isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Dünya təcrübəsi göstərir ki, narkomaniyanın cəmiyyətdə, xüsusilə gənc nəslin arasında yayılma səbəblərindən biri də narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında cəmiyyətin məlumatsızlığının olmasıdır. Xüsusilə bu sahədə təbliğatın aşağı səviyyədə aparılması gənclərin bu bəlanın ağuşuna hazır yem kimi atılmasına münbit şərait yaradır. Bu məqsədlə sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında təbliği üçün yeniyetmə və gənclər arasında bəşəriyyəti dərindən düşündürən və onu narahat edən ən ciddi problemlərdən biri kimi narkomaniya və onun törətdiyi ağır fəsadlar haqqında düzgün maarifləndirici tədbirlərin intensiv hal alması olduqca zəruridir. Bu məqsədlə, ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi istər ümumi təhsil müəssisələrində, istərsə də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyanın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə silsilə tədbirlər - gənclərə maarifləndirici buklet və broşurlar kimi zəruri təbliğat materiallarının paylanılması, antireklam lövhələrin asılması, məktəblərdə bu mövzuda şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil olunması, səhnələşdirilmiş tamaşaların nümayiş olunması, bu sahə üzrə ixtisaslı, səlahiyyətli şəxsləri cəlb etməklə gəncləri maraqlandıran suallar ətrafında geniş diskussiyaların aparılması kimi fəaliyyətlər həyata keçirilir.

M.Alıyev qeyd edib ki, bu məsələdə bütün yük yalnız dövlət qurumlarının üzərinə düşməməlidir. Bütöv cəmiyyət olaraq bu ağrılı məsələyə həssas yanaşmalı, hər birimizin üzərinə düşən bu böyük məsuliyyəti dərindən hiss etməli və birgə mübarizə aparmalıyıq. Yeniyetmə və gənclərə sağlam həyat tərzinin yeganə yolunun mənəvi saflıq və fiziki sağlamlıq olduğunu aşılamalıyıq. Gəlin birlikdə ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya "YOX” deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Bu bəlaya düçar olmuş və ondan əziyyət çəkən vətəndaşlarımızı isə cəmiyyətdən təcrid etməyək, əksinə onlara öz yardım əlimizi uzadaq. M.Alıyev vurğulayıb ki, bundan sonrakı fəaliyyətdə də 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarəti daha da artırmalı, narkomanlığa qarşı mübarizədə koordinasiya işini gücləndirməli, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməliyik. Həyata keçirilən tədbirlərin nəticəsini təhlil edərək qiymətləndirməli və bu istiqamətdə mütəmadi olaraq müzakirələr aparmalıyıq.

Təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşımasına çalışmalıyıq. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, birlikdə mübarizə aparmalı, maarifləndirici və profilaktik tədbirlər həyata keçirməliyik. Birinci müavin rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb. "Bu gün müstəqil Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin qorunması naminə ölkəmizin sizin kimi sağlam ruhda, əqidədə olan gənclərə ehtiyacı var. Gələcəyimiz siz gənclərin əlindədir”, - deyən M.Alıyev sonda bir daha gəncləri narkotik vasitələrdən uzaq durmağa səsləyib. 

Rayon Polis Şöbəsində İctimai Təhlükəsizlik Bölməsinin rəisi Emin Həsənov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətini qeyd edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bölmə rəisi istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən bölmə rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirlərindən söz açan bölmə rəisi Qazax Rayon Polis Şöbəsi tərəfindən də bu sahədə mübarizə tədbirlərinin gücləndirildiyini qeyd edib. Bölmə rəisi bildirib ki, narkotik vasitələrdən istifadəyə görə yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir. O, bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına toplaya bildiyini vurğulayıb. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmalı olduğumuzu söyləyib. Bugünkü görüşün də əsas məqsədinin narkomaniyanın necə ağır bəla olduğunu gənclərə çatdırmaq olduğunu vurğulayıb. Bölmə rəisi gənclərimizi bu bəladan xilas etmək üçün təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir fərdinin üzərinə məsuliyyət düşdüyünü qeyd edib. Bölmə rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu diqqətə çatdırıb. Bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səsləyib.

Rayon Prokurorunun müavini Qasım Ağayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətini vurğulayıb. Narkomaniyaya qarşı mübarizənin intensiv, hərtərəfli şəkildə aparılmasına baxmayaraq, bu bəlanın yayılmaqda davam etdiyini söyləyb. Q.Ağayev Ümummilli Lider Heydər Əliyevin 1996-cı il avqustun 26-da imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” və Respublika Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamlarından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün "ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gələcəyimiz olan gəncləri bəşəriyyətin bu bəlasından xilas etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir. V.Nəbiyev qeyd edib ki, Azərbaycan dünyada dinamik inkişaf edən nadir ölkələrdəndir ki, əhalisinin əksər hissəsini gənclər təşkil edir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişən bu nəsil, dövlətin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında, yeni texnalogiyaların tətbiqində, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində gənclərin rolu getdikcə artmaqdadır. İdarə rəisi bütün bunlarla yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha ciddi problemlərə çevrilməsi və narkomaniyaya aludə olanlar arasında yeniyetmə və gənclərə də təsadüf edilməsini böyük təəssüf hissi ilə vurğulayıb. Qazax Rayon Gənclər və İdman İdarəsi olaraq rayonun hüquq-mühafizə orqanları, səhiyyə şöbəsi ilə sıx əlaqə saxlanıldığını, ali və orta ixtisas müəssisələrində, ümumtəhsil məktəblərində, kənd bələdiyyələrində narkomaniyanın insan sağlamlığına göstərdiyi zərərli təsirləri əyani vasitələrlə göstərmək üçün yeniyetmə və gənclərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın insan sağlamlığına vurduğu sağalmaz xəstəlikləri özündə əks etdirən əyani vəsaitlər, kitabçalar, proşuralar və flayerlər paylanıldığını diqqətə çatdırıb. İdarə rəisi gəncləri Azərbaycan dövlətinin möhkəmlənməsi, onun iqtisadi və müdafiə qüdrətinin yüksəldilməsi, gənc nəsil olaraq Vətənə layiqli vətəndaş kimi yetişmək üçün pis vərdişlərdən, xüsusilə də narkotik vasitələrdən uzaq durmağa çağırıb. Qazax Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin, Olimpiya İdman Kompleksinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Rəsm Qalareyasının, Mədəniyyət Mərkəzinin, Musiqi Məktəblərinin, klub və kitabxanaların və s. fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan əlavə, rayon rəhbərliyi tərəfindən gənclərin idmana olan marağını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək üçün idman zallarının, klublarının əsaslı şəkildə təmir edildiyini bildirib. Buna misal olaraq Dəmirçilər, Hüseynbəyli, Kosalar kəndlərindəki güləş zallarını, Qazax Olimpiya İdman Kompleksində yaradılmış ağır atletika zalını, Çaylı kəndində və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə yaradılmış ağır atletika zallarını göstərib. Yeniyetmə və gəncləri adı çəkilən təşkilatlarla sıx əlaqə saxlamağa, asudə vaxtlarını öz yaşıdları ilə birgə daha sağlam, daha şən və mənalı keçirməyə çağırıb.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov mövzu ətrafında geniş və əhatəli çıxış edərək Azərbaycanın gələcəyinin sağlam gənclərin əlində olduğunu, bunun üçün də onları qorumağın hər birimizin işi olduğunu bildirib.

Narkoloq-həkim Nahidə Osmanova çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına olan ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Narkotik vasitə istifadə edən şəxslərin düşdüyü vəziyyət, baş verən ağrılar və ən nəhayət necə məhv olmaları barədə ətraflı məlumat verib.

Təqaüddə olan müəllim, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrlə və ictimaiyyətlə iş şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək müstəqil Azərbaycanın gələcəyini, gələcəyimiz olan gəncləri dəhşətli bəladan xilas etməyin hər birimizin işi olduğunu dərk etməli olduğumuzu bildirib. Bu baxımdan məktəblərdə müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Valideynlərlə yanaşı, bu işdə müəllimlərin əməyinin də böyük olduğunu vurğulayıb.

Təqaüddə olan müəllim "Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş Zakir Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyəti olduğunu bildirib. Narkimaniya ilə mübarizədə gənclərlə, məktəblilərlə yanaşı, valideynlərlə də bu mövzuda söhbətlərin aparılmasının, təbliğat işinin, maarifləndirmənin vacibliyini vurğulayıb. Müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmalı olduğunu qeyd edib.

Keçidlər