Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

26 sentyabr 2023 | 19:25

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, İkinci Qarabağ savaşında igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan qəhrəman oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi, bu yolda bir yumruq tək birləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olundu.

Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 3 il arxada qalır. Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.

27 Sentyabr - Anım Günü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının ziyarət olunması ilə başlanılıb.

Sentyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayevlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla, şəhidlərimizin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət edib.

Rayon rəhbəri Qazax şəhərində, rayonun Hüseynbəyli, Fərəhli, Alpout, Ürkməzli, Dəmirçilər, Ağköynək, Qarapapaq, Cəfərli, Xanlıqlar, Orta Salahlı kənd qəbiristanlıqlarında olub, qəhrəman oğullarımızın məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb. İgid Vətən oğullarının ruhlarına dualar oxunub.

İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın hər birimizin qürur yeri olduğunu söyləyib. Vətən yolunda canını fəda edən şəhidlərimizlə, sağlamlığını itirən qazilərimizlə hər kəsin fəxr etdiyini bildirib. Nə qədər müstəqil Azərbaycan dövləti və xalqımız var, şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

"Hər zaman olduğu kimi, Anım Günü ərəfəsində də özümə borc bildim ki, şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı bu gün şəhidlərimizi dövlət məmuru olaraq deyil, eyni zamanda, bir vətəndaş olaraq yad etdiyini bildirib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması üçün imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qeyd edib.

Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, gizir Amid Məmmədovun atası Müqabil Məmmədov və başqaları Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarəti övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın əyani sübutu kimi qiymətləndiriblər.

Keçidlər