Qazaxda 27 Sentyabr - Anım Günü qeyd olunub
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində, eləcə də ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub.
Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad ediblər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da anım tədbiri keçirilib.
Anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
27 Sentyabr - Anım Günü tədbirinə yürüşlə start verilib. Gənclərin və rayon sakinlərinin iştirakı ilə SHXÇDX Qazax Rayon Şöbəsinin qarşısından start götürən yürüş Heydər Əliyev prospekti boyunca şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanınadək davam edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş yürüş iştirakçıları 44 günlük Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, ürək sözlərini çatdırıb. Bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd edilir. Bu tarixi gündə şəhid ailələləri qarşısında baş əyir, Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyirəm. İcra başçısı bu gün 27 sentyabrın təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımız tərəfindən anım günü kimi qeyd olunduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında erməni silahlı qüvvələri yenidən torpaq iddiasına düşərək sərhədlərimizdə təxribat törətməyə çalışdı. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını almaq üçün 27 sentyabrda Vətən müharibəsinə başladı. O Vətən müharibəsi ki, başlayan ilk gündən həm ordu, həm xalq Müzəffər Ali Baş Komandanın ətrafında yumruq tək birləşdi. Cəmi 44 gün davam edən Vətən müharibəsində şəhərlərimiz, rayonlarımız, kəndlərimiz, düşmən tapdağında olan torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə bütün dünyaya Azərbaycan xalqını qəhrəman xalq, ordumuzu güclü ordu kimi təqdim etdik. 44 günlük Vətən müharibəsində 2907 nəfər igid Vətən oğlu Şəhidlik zirvəsinə ucaldı ki, onlardan 49 nəfəri Qazaxın igid, vətənpərvər oğullarıdır. Həmin dövrdə Qazaxın 2 nəfər igid Vətən oğlu isə xidməti vəzifəsini yerinə yetirərkən uca məqama – Şəhidlik zirvəsinə yüksəldi. Rayon rəhbəri 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusunun şəhid olduğunu bildirib. Qazaxın igid oğullarının Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdiklərini qeyd edib. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlunun da Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək onları ehtiramla anıb. Düşmən təxribatının qarşısını alarkən Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuzun müxtəlif dərəcəli bədən xəsarətləri aldığını diqqətə çatdırıb.
Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ və Vətən müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu vurğulayıb. "Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. İcra başçısı sonda bir daha qeyd edib ki, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlər də əbədi yaşayacaqdır. Cənab Prezidentin dediyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək şəhid ailələrini və qaziləri, tədbir iştirakçılarını salamlayıb. Millət vəkili Səməd Seyidov qeyd edib ki: “27 sentyabra qədər Azərbaycan fərqli bir Azərbaycan idi. 27 senytabra qədər biz işğalın içərisində, torpaqları işğal altında olan bir məmləkət idik. Biz şəhid verdik, onlar ən yüksək zirvəyə yüksəldilər. Ancaq biz fərqli bir məmləkət əldə etdik. Biz böyük bir Azərbaycan əldə etdik. Biz cənab Prezidentin siyasəti, xalqla birliyi əsasında torpaqlarımızı əbədi işğaldan azad etdik. Əvvəl işğalda olan şəhər və rayonlarımızın işğal günlərini qeyd edirdik. Bu gün isə işğaldan azad olunduqları günü qürurla səsləndiririk. Bu gün 27 Sentyabr - Anım Günüdür, eyni zamanda böyük Azərbaycanın dirçəliş günüdür. Torpaqların azad olunmasının ilk günüdür. Xalqımız nə bizi tarixi Qələbəyə, böyük Zəfərə aparan 7 sentyabrı, nə də o Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandanı, igid oğullarımızı, şəhidlərimizi, qazilərimizi unutmayacaq. Biz var olduqca onlar da bizimlə yaşayacaq”.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu çıxış edərək şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizə şəfa diləyib. Şəhidlərimizə həsr etdiyi şeirlə onların əziz xatirələrini ehtiramla anıb.
Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevə 27 Sentyabr – Anım Gününün təsis edilməsinə görə şəhid ailələri adından razılığını bildirib. “Şəhidlər heç vaxt ölmür, onlar ailələrinin, doğmalarının, onları unutmayan xalqının qəlbində əbədi yaşayır. Mən Azərbaycan Ordusuna hər zaman inanmışam, bu gün də inanıram. Biz oğul böyütdük Vətən üçün, övladlarımız şəhid oldular. Lakin bir qarış olsun belə torpağımız yağı düşməndə qalmamalıdır. Şəhid ataları, anaları başınızı dik tutun. Bizim övladlarımız ölməyib. Nə qədər ki, bu xalq bizi yaşadır, onlar da bizimlə birgə yaşayacaqlar”, - deyən şəhid atası bütün şəhidlərimizi ehtiramla yad edib.
III qrup Vətən müharibəsi əlili, polkovnik-leytenant, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Valeh Mustafayev çıxış edərək şəhid ailələrinin qarşısında baş əydiyini bildirib. Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə layiqli yerini göstərdi. Uzun müddət düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad edildi. “Mən müharibə iştirakçısı, qazisi kimi deyə bilərəm ki, hər bir Azərbaycan əsgəri, Azərbaycan gənci döyüş meydanında öz qəhrəmanlığını göstərdi. Torpaqlarımızın işğaldan azad olunmasının ən böyük səbəbkarları şəhidlərimizdir. Onların şücayəti, qanı, canı bahasına işğalda olan yurd yerlərimizi azad etdik. Bu gün biz anım gününü qalib xalq kimi qürur hissi ilə qeyd edirik”, - deyən qazi V.Mustafayev Müzəffər Ali Baş Komandanın əsgəri kimi bu gün də döyüşməyə hazır olduğunu söyləyib.
Tədbirdə Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri Səadət Pirməmmədova, Aydan Qurbanlı, Təhminə İsmayılova şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim ediblər. Məktəblilər, eləcə də şəhidlərimizin övladları qəhrəman oğullarımıza həsr olunmuş şeirlərlə onlara olan ehtiramlarını bildiriblər.
Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
Tədbirdən sonra Qazaxın girişində Təyyarə Abidə Kompleksinin ətrafında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun, köməkçisi Akif Əmirovun, şəhid ailələrinin, qazilərin iştirakı ilə igid Vətən oğullarının xatirəsinə şam ağacları əkilib, əkilən ağaclar suvarılıb.