Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Məğrur xalqın qürur günü” mövzusunda tədbir keçirilib

27 sentyabr 2024 | 19:40

2020-ci ilin 27 sentyabrı milli ruhumuzun mübarizəyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir. 2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına və hərb tariximizə bizi Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc günü kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 8 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. 

Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 4 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur. 

Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk edən igid oğullarımızın xatirəsi əziz tutulur. Hər il olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olunub.

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Məğrur xalqın qürur günü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, Ərazi partiya təşkilatının sədr və müavinləri, partiya veteranları, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gedərək Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzərək müqəddəs şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını bildiriblər. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları, şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından geniş danışıb. A.Nəbiyev möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren Azərbaycanımızın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan, qarşıda duran hədəflərdən də ətraflı bəhs edib. Qeyd edib ki, xalqımız 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan günləri müasir Azərbaycan tarixinin ən şərəfli, unudulmaz günləri kimi yaşadı. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başladı. 44 günlük Şanlı Vətən müharibəsində 5 ilə işğal olunmuş və 30 il düşmən tapdağında qalmış torpaqlarımız azad olundu. 44 günlük haqq savaşında rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixində yeni bir səhifə açdı, şanlı Qələbə qazanaraq güclü ordu olduğunu bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi 23 saata Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Xoşbəxt xalqıq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başladığımız haqq savaşı qələbə ilə başa çatdı, şəhidlərimizin qanı yerdə qalmadı.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərildiyini qeyd edən müavin G.Həsənova Qazaxda həmin qayğının hər zaman nümunə götürüldüyünü, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu amili əldə rəhbər tutaraq şəhidlərimizin ailə üzvlərinə daim diqqət ayırdığını söyləyib. 27 Sentyabr – Anım Günü ərəfəsində rayon rəhbərliyinin Vətən yolunda canlarını fəda edən şəhidlərimizin məzarlarını ziyarət etdiyini, şəhid ailələrinin ziyarət olunduğunu, anım gününə həsr olunmuş silsilə tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. G.Həsənova 27 sentyabrın xalqımızın həyatında ən önəmli günlərdən biri olduğunu bildirib. 30 il həsrətini çəkdiyimiz torpaqları azad etmək, haqq səsimizi bütün dünyaya çatdırmaq üçün bir yola çıxdığımız gün olduğunu söyləyib. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti sayəsində bütün dünyanın Azərbaycan xalqını, ordusunu tanıdığını vurğulayıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.                                   

Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək 27 sentyabrda başlayan Vətən müharibəsində igid Vətən oğullarının keçdiyi döyüş yolundan, qəhrəmanlığından söz açıb. S.Çobanov 27 sentyabr tarixinin xalqımızın yaddaşına, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə və şəhidlərimizin qanı ilə yazılan bir tarix olduğunu söyləyib. “27 sentyabr tarixi mənim üçün həm kədərli, həm də qürurverici bir tarixdir. Kədərlidir ona görə ki, çıxdığımız müqəddəs yolda döyüş yoldaşlarımızı, silahdaşlarımızı itirdik, igid Vətən oğulları Şəhidlik zirvəsinə ucaldılar. Qürur duyuram ona görə ki, şəhidlərimizin qisası döyüş meydanında alındı, qanları yerdə qalmadı. Ən əsası da 30 illik işğalda olan torpaqlarımız azad olundu. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onların canları bahasına azad edilmiş Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizin xatirəsini daim uca tutmalıyıq”, - söyləyən S.Çobanov bütün şəhidlərimizlə qürur duyduğunu qeyd edib.

Vətən müharibəsi şəhidi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək səmimi ürək sözlərini bölüşüb. “Şəhidlər bizim qürur mənbəyimizdir. 27 sentyabr xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 27 sentyabrda xalqımız Müzəffər Ali Baş Komandanın, ordumuzun ətrafında yumruq tək birləşdi. Bütün dünya bir daha şahidi oldu ki, bizi haqlı olduğumuz bu savaşdan heç nə döndərə bilmədi. 44 günlük savaşda şəhidlər versək də torpaqlarımız azad olundu. Qələbə, zəfər dolu günlərə şahidlik etdik. İki övladım Vətən müharibəsində iştirak etdi. Bir oğlum qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsinin ilk günündən şəhid atası oldum. Bu, həm kədərlidir, həm də qürurvericidir”, - söyləyən şəhid atası övladının timsalında bütün şəhidlərimizlə qürur duyduğunu, fəxr etdiyini bildirib.

Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının sədri, fəal gənc Pəri İbrahimova çıxış edərək bildirib ki, 27 sentyabr - billi birliyimizin, bərabərliyimizin, fədakarlığımızın, qəhrəmanlıq səlnaməmizin, qorxmazlığımızın, döyüş əzmimizin  cuşa gəldiyi, birləşdiyi və öz istəyinə çatdığı bir tarixdir. Qalib, azad, bütöv, zəfər çalan bir ölkənin vətəndaşıyıq! Qalib ölkənin gəncləriyik! Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Şanlı Azərbaycan Ordusunun şücaəti, şəhid qardaşlarımızın qanı, qazi qardaşlarımızın sağlamlıqları hesabına Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində biz artıq qalib xalqın nümayəndələriyik! 30 il davam edən əsarət dolu tarixə 44 gündə son qoyuldu. Belə başladı əfsanəvi 44 günün "Dəmir yumruq" adlı salnaməsi. Bu müharibə tək hərb meydanlarında alovlanmamışdı. Yeddidən yetmişyeddiyə hər kəs ayaqda idi. Hamı bu zəfər üçün nəsə bir töhfə vermək iqtidarında idi. İnformasiya savadı hərblə eyni məcraya gəlmişdi. Günün reallığı olan sosial şəbəkələrdə Azərbaycan gəncliyi söz savaşında, Müzəffər ordumuz isə hərb savaşında mübariz addımlarla zəfərə doğru irəliləyirdi. "Mən xoşbəxt övladam ki, ata vəsiyyətini yerinə yetirdim" deyən Ali Baş Komandanımız qalib ölkənin qalib Lideri kimi "Qarabağ Azərbaycandır!" şüarını  tarixin silinməyən səhifələrinə yazmağı bacardı. 44 gün bizə hər anında sevinc bəxş etdiyi kimi göz yaşı və kədər də bəxş etdi. Azərbaycan xalqı 44 gündə 3000-nə yaxın cəsur, qəhrəman, igid oğul qurban verdi və minlərlə oğul qazi kimi Vətənin xidmətində dayandı. Bu günümüzü onlara borcluyuq. Şəhidlərimizin ruhları qarşısında başımız səcdədədir. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, şəhidlərimiz heç vaxt unudulmayacaqlar.

Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq igid Vətən oğullarına həsr etdiyi şeiri səsləndirib.

Partiya veteranı, şair, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Şəhidlərimizə həsr etdiyi şeiri səsləndirərək xatirələrini ehtiramla anıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər