Qazaxda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Milli birliyimizin təntənəsi” mövzusunda tədbir keçirilib
Müasir Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabr tarixindən artıq 4 il ötür. Bu, o tarixdir ki, həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə öz çıxışlarında səsləndirdiyi və milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq reallığa çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. 8 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 4 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk edən igid oğullarımızın xatirəsi əziz tutulur. Hər il olduğu kimi, bu il də 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Tədbirlərə Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.
Sentyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Milli birliyimizin təntənəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri və üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri olan gənclər, şəhid ailələri, qazilər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, tələbələr, mədəniyyət, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır” Abidə Kompleksi ziyarət olunub. Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına Quran oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi anılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
44 günlük Vətən müharibəsinə həsr edilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin möhtəşəm Zəfərimizin qazanılması istiqamətində həyata keçirdiyi uğurlu diplomatiya və ədalət müharibəsindən real kadrları özündə əks etdirən “Böyük Zəfərə aparan yolun başlanğıcı” filmi nümayiş etdirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, hər günü, hər saatı xalqımızın şanlı tarixinə şərəflə, qürurla yazılmış 44 günlük Vətən müharibəsi millətimizin yenilməzliyini və birliyini dünyaya bir daha sübut etdi. 44 günün demək olar ki, hər günündə düşmən üzərində parlaq qələbə qazanaraq ərazilərimiz işğaldan azad edildi, yağı düşmən əzəli və əbədi torpaqlarımızdan qovuldu. Hər gün ordumuz Ermənistanın yaratdığı “güclü ordu” mifini darmadağın edərək kəndləri, qəsəbələri, yüksəklikləri mənfur düşməndən təmizləyib irəli addımladıqca qələbəmizin şərəfinə üçrəngli bayrağımızı azad etdikləri ərazilərdə dalğalandırdılar. Azərbaycan ordusu 1990-cı illərin əvvəllərindən baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad edərək 30 illik niskilə son qoydu. Düzgün strategiya, qələbə əzmi, ciddi nizam-intizamlı hərbi taktika və intiqam hissi öz sözünü dedi. Ermənistan ordusu və 30 ilə yaxın bir müddətdə qurulub- yaradılan “sədd” darmadağın edildi. Azərbaycanın şanlı tarixinə son 200 illik bir tarixdə əldə edilmiş ilk Qələbə yazıldı. Bu qələbənin müəllifləri isə cənab Ali Baş Komandan və onun son 20 ildə apardığı uğurlu siyasət sayəsində qurub-yaratdığı şanlı, müzəffər ordusu, bu ordunun əsgərləri, zabitləri oldular. Çünki bu əsgərlər, zabitlər yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərlər idilər. Onlar verilən tapşırıqların peşəkar icrasını təmin etdilər, onlara verilən təlimatı yerinə yetirdilər. Bu gün 27 sentyabr tarixi bizim üçün yeni bir tarixi mərhələnin başlanğıcıdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü əminliklə dediyi şərəfli bir tarixdir. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu. Bundan sonra düşmənin davranışı nə olursa-olsun, şəhidlərinin qanı ilə qazandığı böyük zəfərini qoruyub saxlamaq üçün Azərbaycanın mükəmməl planı həmişə var. Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərildiyini qeyd edən müavin G.Həsənova Qazaxda həmin qayğının hər zaman nümunə götürüldüyünü, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu amili əldə rəhbər tutaraq şəhidlərimizin ailə üzvlərinə daim diqqət ayırdığını söyləyib. 27 Sentyabr – Anım Günü ərəfəsində rayon rəhbərliyinin Vətən yolunda canlarını fəda edən şəhidlərimizin məzarlarını ziyarət etdiyini, şəhid ailələrinin ziyarət olunduğunu, anım gününə həsr olunmuş silsilə tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” fikrini diqqətə çatdıran G.Həsənova ölkə başçısının söylədiyi kimi hər birimizin xalqımıza qələbə sevincini bəxş edən Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuzu bildirib. Müavin Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib. Anım Gününün ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. G.Həsənova Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbənin əlavə olunduğunu söyləyib. Qeyd edib ki, qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Müavin G.Həsənova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüuru ilə həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tapıb. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyi haqqında düşünür və vacib addımlar atırdı. Bu addımlardan biridə Ulu Öndərin sovetlər dönəmində böyük maneələrə baxmayaraq 1971-ci ildə İnternat məktəbinin bazasında yaratmış olduğu bugünkü Cəmşid Naxçıvanski adına hərbi liseydir. Hansı ki, bu lisey Azərbaycan ordusuna peşəkar zabit kadrlarının hazırlanmasında böyük rol oynayır. Liseyin məzunları Birinci Qarabağ və Vətən müharibəsində böyük şücaətlər göstərmişdir. C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarından 1000 nəfəri göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. S.Çobanov Cəmşid Naxçıvanski adına hərbi liseyin 2004-2007-ci illər və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci illər üzrə məzunu olduğunu söyləyib. Heydər Əliyəv ideyalarını yaşadan hərbi məktəblərdə təhsil aldığı üçün fəxr etdiyini dilə gətirib. Qeyd edib ki, biz bu ideyaları rəhbər tutaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovduq. Bu gün isə mən ehtiyatda olan bir zabit kimi böyük fəxarət hissi ilə deyirəm ki, Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident digər sahələrə olduğu kimi ordu quruculuğuna da çox böyük diqqət ayırır. Bunun nəticəsidir ki, Azərbaycan ordusu, Azərbaycan xalqı dəmir yumruq tək Ali Baş Komandanın ətrafinda sıx birləşdi və zəfərimizin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 günluk Vətən müharibəsində hiyləgər düşmən üzərində qələbə qazandı. Mənfur düşmən öz təxribatlarından əl çəkmədi, qanunsuz silahlı birləşmələr yaradaraq Qarabağ iqtisadi rayonunda təxribatlar və mülki əhalinin təhlükəsizliyinə ciddi maneələr yaradırdı. Bunları nəzərə alaraq 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu və güc strukturları qarşılıqlı əlaqə ilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Suverenliyi tam olaraq bərpa edildi. Azadlıq quru hərflərlə deyil, qanla yazılır. Qazax rayonunun 348 nəfər şəhidi vardır. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi və 49 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz isə 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ”, 8 nəfər “Azərbaycan Bayrağı”, 5 nəfər 3-cü dərəcəli “Rəşadət”, 13 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, habelə, 58 nəfər şəhid müxtəlif adda 220 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün 500 tirajda “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları çap edilmiş, ”Qarabağ Azərbaycandır!” Abidə Kompleksi inşa edilmiş, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında xatirə guşəsi yaradılmış və Qazax Şəhidlər xiyabanına şəhidlərin şəkilləri əks olunan mərmər lövhələr vurulmuşdur. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 72 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 242 nəfər hərbi qulluqçu ümumilikdə, müxtəlif adda 593 ədəd orden və medllarla (onlardan 1 nəfər 3-cü dərəcəli ”Rəşadət”, 2 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni) təltif olunmuşlar. O cümlədən Respublika Pirezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicat Bədəlov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Digər hərbi xidmətini davam etdirən və hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçularımız da Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunmuşlar. Bunun nəticəsidir ki, bu gün üçrəngli Azərbaycan Bayrağı işğaladan azad olunmuş torpaqlarımızda dalğalanır.
Vətən müharibəsi şəhidi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək səmimi ürək sözlərini bölüşüb. “27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramdır, şəhidlərimizin günüdür. Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ehtiramla yad olunurlar. 4 il əvvəl Azərbaycan xalqı, Vətənin igid oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə silaha sarılıb torpaqlarımızı azad etmək üçün öz sərkərdələrinin ətrafında yumruq tək birləşdilər. 44 gün ərzində elə bir tarix yazıldı ki, bütün dünya hələ də o tarixi oxuyur, öyrənməyə çalışır. Azərbaycan xalqı bütün dünyaya bir daha göstərdi ki, Vətəni necə sevmək lazımdır. Bizim övladlarımız, şəhidlərimiz nümunə oldular. Mən 44 günlük müharibənin ilk günündən şəhid atası oldum. Ağır və çətin olsa da yaşadıq, artıq o gündən 4 il keçir. Biz şəhid ataları, anaları, yaxınları övladsız yaşasaq da tək təsəllimiz odur ki, Vətənsiz yaşamadıq. Bu gün şəhidlərimizi hörmət və ehtiramla, qürurla anırıq. Şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına bu gün bizim xalqımız firavan yaşayır, dövlətimiz güclü dövlətə çevrilib. Bu gün üzərimizə düşən məsuliyyət isə odur ki, şəhidlərimizin bizə əmanət qoyub getdikləri torpaqları göz bəbəyi kimi qoruyaq, dövlətimizin suverenliyini, daimi, əbədi edək. Bunun üçün var qüvvəmizlə çalışmalıyıq. Gənc nəslə bu amili aşılamalıyıq. Şəhid atası kimi Müzəffər Ali Baş Komandanla, bütün şəhidlərimizlə qürur duyuram. Nə qədər Azərbaycan xalqı var şəhidlərimiz unudulmayacaqlar. Bugünkü tədbir də bir daha onu göstərir ki, şəhidlərimizə olan hörmət və ehtiram sonsuzdur”, - deyə şəhid atası fikirlərini ifadə edib.
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək bildirib ki, “Bu gün həm kədərlənirəm, həm də qürurlanıram. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi torpaqlarımızın işğal altında qalması, xalqımızın başına gətirilən müsibətlər məni çox kədərləndirirdi. Bu gün sevincli və qürurluyam ki, şəhidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız 30 illik işğaldan azad olundu və biz başı dik, alnıaçıq, üzüağ şəkildə tarixi qələbələrimizi qeyd edirik. Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, qətiyyəti xalqı bir yumruq tək birləşdirdi və qələbəyə doğru inamla addımladıq. 44 gündə öz hünəri ilə tarixə adlarını əbədi həkk edən şəhidlərimiz heç zaman unudulmayacaqlar. Xalq və dövlət bunun üçün hər şey edir. 27 Sentyabr – Anım Günü bu istiqamətdə atılan ilk işlərdən biridir”.
Ömrünün 20 ilini hərbiyə həsr edən, 2-ci dərəcəli Vətən müharibəsi əlili, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş mayor Xəyyam Əliyev çıxış edərək Vətən müharibəsindən 4 il ötməsinə baxmayaraq xalqımızın şanlı zəfərlə başa çatan bu müharibəni, 44 günlük haqq savaşında tarix yazan oğullarımızı, şəhidlərimizi unutmadığını söyləyib. Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında xalqımız, ordumuz Müzəffər Ali Baş Komandanın ətrafında yumruq tək birləşdi. Bu birlik sayəsində 30 il düşmən tapdağında qalan torpaqlarımız qısa bir vaxtda azad edildi. Bu gün şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına azad edilmiş torpaqlarda quruculuq-abadlıq işləri həyata keçirilir, Böyük Qayıdış proqramı çərçivəsində doğma soydaşlarımız öz yurdlarına qayıdır. Bu gün bütün dünyaya sübut edirik ki, mənfur düşmənin illərdir dağıtdığı torpaqları, rayonları, şəhərləri yenidən qururuq. Bütün bunlara görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borcluyuq”.
3-cü dərəcəli Vətən müharibəsi əlili, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş ehtiyatda olan gizir Famil Yusubov qalib bir xalqın əsgəri, hərbçisi kimi çıxış etməyin onun üçün qürurverici olduğunu söyləyib. F.Yusubov hələ orta məktəb yaşlarından xalqımızın başına gətirilən müsibətlərə, Xocalı faciəsinə görə kədərləndiyini, düşmənə nifrət hissi ilə böyüdüyünü dilə gətirib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində illərdir əsgər və zabitlərimizin, hərbçilərimizin içində olan o nifrət hissinin baş qaldırdığını, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək düşməndən qisas almaq üçün döyüş meydanına atıldığını vurğulayıb. F.Yusubov Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən, özünün keçdiyi döyüş yolundan, döyüşçü yoldaşlarından danışıb və bildirib ki, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisi tükənməzdir. Mən və mənim kimi digər döyüş iştirakçıları, şəhid olanlar, ya da qazi olanlar hər biri qəlbində Vətən sevgisi, millət, xalq duası gəzdirməklə döyüşlərdə dəmir yumruqla silahlandıq və düşməni ağır zərbələrlə məhv etdik. Bir an belə yorulmadıq, usanmadıq, xalqımızla, dövlət başçımızla həmrəy olub cəbhədə şücaət göstərdik, Azərbaycan Bayrağını işğaldan azad etdiyimiz hər bir ərazimizdə qürurla dalğalandırdıq, şəhidlərin qanını yerdə qoymadıq, hər birimiz öz qanları ilə tarix yazan əzmkar Vətən oğlu kimi bu torpağa olan borcumuzun öhdəsindən layiqincə gəldik. Amma düşmən arxayın olmasın. dəmir yumruq yerindədir. Suverenliyimizə qarşı istənilən təxribatın qarşısını almağa gücümüz də yerindədir, döyüş ruhumuz da. Şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.
44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizin yazılmasında qəhrəmanlıq salnaməsində adları yazılmış Qazax şəhidlərinin xatirəsinə həsr edilmiş filmin nümayişi ilə tədbir sona çatıb.
Tədbirdən sonra Qazax rayonunun Qarapapaq kəndi ərazisində Təyyarə Abidə Kompleksinin ətrafında rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, gənclərin iştirakı ilə igid Vətən oğullarının xatirəsinə şam ağacları əkilib, əkilən ağaclar suvarılıb.