Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
28 May - Müstəqillik Günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu tarixi bir gündür. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız ötən əsrin əvvəllərində, bu işıqlı may günündə öz arzusuna qovuşub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə kimi heç zaman unudulmayacaq.
Mayın 27-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Tədbirdə cümhuriyyət dövrü ilə əlaqədar kitab sərgisi nümayiş olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib. Mövzuya uyğun “Qalib ölkənin müstəqilliyi” başlıqlı videoçarx nümayiş etdirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə təbrik edərək səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Artıq 106 ildir ki, 28 May tarixi Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu əlamətdar gün kimi xalqımız tərəfindən iftixar hissi ilə qeyd olunur. Artıq 4 ildir ki, Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü qalib ölkənin vətəndaşı olaraq qeyd edirlər. Rayon rəhbəri bildirib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri var. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. İcra başçısı 1969-cu ilin 14 iyul tarixinin xalqımızın həyatında dərin iz buraxmış bir gün olduğunu, məhz həmin gün Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişi və Mərkəzi Komitənin birinci katibi seçilməsi ilə hər şeyin müsbətə doğru dəyişdiyini bildirib. Həmin vaxt siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyevin respublikamızın həyatında böyük dəyişikliyə nail olduğunu, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri gördüyünü, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıtdığını qeyd edib. SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycanın həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu bir diyara çevrildiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməsi xalqımızın taleyində həlledici rol oynadı, çağdaş Azərbaycan cəmiyyəti və dövlətçiliyinin təməlləri qoyuldu. Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəmizə rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat və incəsənəti inkişaf etdi. Təsadüfi deyil ki, həmin dövrdən Heydər Əliyev xalqımızın yaddaşında təkcə respublika rəhbəri olaraq deyil, həm də Ümummilli Lider kimi silinməz iz qoydu. İcra başçısı Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyevin özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olduğunu qeyd edib. Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan icra başçısı dahi rəhbərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə xalqımızın rifahı, ölkəmizin inkişafı üçün gördüyü işləri, həyata keçirdiyi layihələri bir daha diqqətə çatdırıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladaraq 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, məhz Ulu Öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Rayon rəhbəri vurğulayıb ki, tariximizin yeni inkişaf mərhələsi də dahi şəxsiyyətin adı ilə bağlıdır. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Milli dövlətçilik ənənələrini yaşadan insan da məhz dahi lider Heydər Əliyev olmuşdur. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Rayon rəhbəri vurğulayıb ki, ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Ulu Öndər Heydər Əliyevin söylədiyi “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” dəyərli fikrini səsləndirən icra başçısı Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Rayon rəhbəri 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsini, ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin, Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Rayon rəhbəri “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin ölkəmizin tarixində mühüm əhəmiyyətə malik olduğunu, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutu olduğunu qeyd edib. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunduğunu söyləyib. İcra başçısı “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununun tarixi əhəmiyyət daşıdığını, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu, sözügedən Qanunla 28 mayın Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edildiyini vurğulayıb. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmasının Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslandığını qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. İcra başçısı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Rayon rəhbəri qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 illik işğalda olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanın daha bir uğuru, zəfəridir. Rayon rəhbəri Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin söylədiyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. “Müstəqillik hədiyyə olunmur, müstəqillik müxtəlif formalarda, müxtəlif vasitələrlə, yollarla əldə edilir. Azərbaycan dövləti və xalqı qanlı-qadalı yollardan keçərək öz müstəqilliyini qazanıb. İgid Vətən oğullarının, qəhrəman şəhidlərin qanı hesabına müstəqilliyimiz bu günə kimi qorunub saxlanılıb”, - söyləyən A.Rüstəmov qanları ilə tarix yazan oğullarımıza, Müzəffər Ali Baş Komandana borclu olduğumuzu diqqətə çatdırıb. Filial direktoru Ulu Öndər Heydər Əliyevin söylədiyi “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” dəyərli fikrinin bu gün hər bir ölkə vətəndaşına örnək olduğunu söyləyib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mütəqilliyimizin əbədi olması üçün Azərbaycan dövlətinin daim yeni uğurlara doğru qətiyyətli addımlarla addımladığını bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. M.Süleymanov qeyd edib ki, diplomatik əlaqələrin yaradılması mühüm amil idi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Natiq qeyd edib ki, bu gün fəxr etməliyik ki, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev kimi dahi lideri və onun ideyalarını, arzularını layiqincə yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi rəhbəri var.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova 106 il öncə Şərqdə ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu xatırladaraq bu gün Azərbaycanın müstəqil və suveren dövlət kimi davamlı uğurunun növbəti ildönümünün qeyd olunduğunu vurğulayıb. 106 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyalarının reallaşdığını söyləyib. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdığını bildirən G.Alişanova Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımızın artıq Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci ilə qeyd etdiyini söyləyib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək əlamətdar bayram münasibətilə təbriklərini çatdırıb. E.Əfəndiyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. 106 il əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, bu əlamətdar hadisə ilə bağlı hər bir azərbaycanlının qürur hissi keçirdiyini vurğulayıb. Bu əlamətdar hadisənin Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğunu, 1918-ci ildə əldə edilmiş müstəqilliyin ömrünün qısa olmasına baxmayaraq, görülən işlərin demokratik dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, bu dövrü tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyinin əbədi xarakter aldığını qeyd edib. Bildirib ki, sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb siyasi proseslər və keşməkeşli tarixi hadisələr yaşansa da, məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan öz müstəqilliyini qorudu və əbədiləşdirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan beynəlxalq nüfuzu gündən-günə daha da güclənən qüdrətli dövlətə çevrilib.