Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə tədbir keçirilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi Onun Azərbaycanda millət quruculuğuna töhfəsi idi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub.
Dekabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfərli yurdumuzun yeni il sevincləri” adlı bayram tədbiri keçirilib.
Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin, qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi şanlı tarixi gün kimi qiymətləndirən tədbirin aparıcıları Oruc Mansırov və Günel Əkbərli bayram tədbirini açıq elan edərək qonaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan hər bir azərbaycanlının Azərbaycanı özünün doğma Vətəni hesab etməsinə çalışdığını vurğulayıblar. Ulu Öndərin xalqımızın birliyinə verdiyi önəmi qeyd edərək söylədiyi ”Əziz Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!” dəyərli fikirlərini səsləndiriblər. Artıq 2 ildir ki, Azərbaycan xalqının əlamətdar bayramları qalib ölkənin vətəndaşları olaraq qeyd etdiyimizi bildiriblər. 44 günlük Vətən müharibəsində dünyanın qibtə etdiyi bir mübarizlik göstərdiyimizi, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, Ali Baş Komandanın dediyi kimi, dəmir yumruq olaraq düşmənin başını əzdiyimizi bir daha diqqətə çatdırıblar. Bugünkü bayramı qalib ölkə vətəndaşları olaraq qeyd ediriksə, buna görə Müzəffər Ali Baş Komandana, Azərbaycanın qüdrətli ordusuna, Azərbaycanın mərd, cəsur, igid oğullarına, Vətən uğrunda canını fəda edən şəhidlərimizə, sağlamlığını torpaqlarımızın bütövlüyü naminə itirən qazilərimizə borclu olduğumuzu vurğulayıblar. Bütün şəhidlərimizi ehtiramla yad edərək Uca Tanrıdan onlara rəhmət, qazilərimizə Allahdan şəfa diləyiblər. 2022-ci ilin ölkəmiz üçün ən uğurlu illərdən biri olduğunu qeyd ediblər. Yola saldığımız ilin doğma Qazaxımız üçün də uğurlu il olduğunu qeyd edən aparıcılar ölkə Prezidentinin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində güc və bacarığını əsirgəməyən icra başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə bir sıra infrastruktur layihələrinin icra edildiyini, rayonda genişmiqyaslı quruculuq işlərinin aparıldığını, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün qarşıya qoyulmuş məqsədlərin uğurla yerinə yetirildiyini, qazilərimizin qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığını vurğulayıblar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını icra başçısı Rəcəb Babaşovun adından salamlayıb, səmimi ürək sözlərini və xoş arzularını çatdırıb. M.Alıyev bildirib ki, bu gün xoşbəxt xalqıq ki, qarşıdan gələn 2023-cü ili, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalq olaraq qeyd edirik. Qalib xalqın nümayəndəsi olaraq hər bir ölkə vətəndaşı Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətənin ərazi bütövlüyünü canından əziz tutan şəhidlərimizə, sağlamlığını torpaq üçün itirən qazilərimizə minnətdarıq. Bugünkü günə görə şəhidlərimizə, onların ailələrinə borcluyuq, onların və ailələrinin qarşısında baş əyirik. 2022-ci ilin rayon üçün məhsuldar bir il olduğunu qeyd edən M.Alıyev bu ilin həm də tikinti-quruculuq ili kimi yaddaşlara yazıldığını bildirib. Son illər respublikamızda ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu vurğulayıb. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını göstərib. Cari ildə Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın, Elm və Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunmasını, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini hər bir qazaxlının sonsuz minnətdarlıq hissi ilə qarşıladığını vurğulayıb. Vaxtilə Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpasını, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası kimi qiymətləndirib. Bu nümunəvi təşəbbüsə görə ölkə başçısına, Birinci vitse-prezidentə, ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara bir daha minnətdarlığını ifadə edib. “Saloğlu” fərdi firmasına məxsus “Venzana” mebel fabrikinin inşa edilməsini 2022-ci iln uğurlu layihələrindən biri kimi qeyd edib. M.Alıyev sonda bir daha əlamətdar bayram münasibətilə xalqımızı, rayon sakinlərini təbrik edib, 2023-cü ildə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində yeni nailiyyətlər arzulayıb.
Sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunmuş tədbir konsert proqramı ilə davam etdirilib.
Bayram konsertinə Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin müəllim və uşaqlardan ibarət xor qrupunun ifasında sözləri Cavanşir Rüstəmin, musiqisi Vahid Bayramovun olan “Alqış” həmrəylik kompozisiyası ilə start verilib.
Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin kvartet vokal qrupunun ifa etdikləri “Anayurd” marşı, “Ədalət yurdu” aşıqlar qrupunun ifa etdikləri “Azərbaycan”, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin “Aşıqlar” qrupunun təqdim etdikləri “Misri - Cəngi Koroğlu” havası, “Xarıbülbül” xorunun təqdim etdikləri “Yeni il gəlir” mahnıları, skripka ifaçılarından ibarət “Kvintet” qrupun təqdim etdikləri “Birlik” kompozisiyası alqışlarla qarşılanıb.
Zəhra Abdullazadənin “Yeni il gəldi” mahnısı da tədbirə toplaşanlara xoş anlar bəxş edib
Gənc Aşıq Samir Cəlaloğlunun sazda olan ifası tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə alqışlanıb.
Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor müavini Süleyman Həsənov və şagird Türkan Rəhimovanın “Bağdad”, gənc müğənnilər Vüsal Osmanovun “Gözlərin”, Vüqar Hacıyevin “Yaşa Azərbaycan”, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Ramal Balacanovun “Vətənim Azərbaycan” mahnıları tədbirə xoş ovqat qatıb.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə keçirilən tədbir Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin “Zəfər” xorunun ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mahnısının sədaları altında xoş əhval-ruhiyyə ilə başa çatıb.