Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

05 mart 2025 | 23:22

Martın 5-də Qazax Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş festival keçirilib.

Festivalda Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon Şöbəsinin əməkdaşları, şəhid ailələri və rayonda fəaliyyət göstərən idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək idarənin rəisi Əziz Məsmalıyevin adından 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, xoş arzularını bildirib. Rəis müavini festivalın keçirilməsində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, bu dəstəyi idmançılara olan qayğı kimi qiymətləndirib. E.Cəfərov idman sahəsində əldə edilən bütün bu uğurların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olduğunu qeyd edib. Rəis müavini 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkəsinə çevrildiyini söyləyib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqətin ildən-ilə daha da artdığını, dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman Komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarlarının buna əyani sübut olduğunu qeyd edib. Bu qərarların müsbət nəticələr verdiyini, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayının ildən-ilə artmasında mühüm rol oynadığını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rayon rəhbərliyinin idmançılara göstərdikləri qayğının onlarda böyük ruh yüksəkliyi yaratdığını, daha böyük uğurlara sövq etdiyini söyləyib. E.Cəfərov daim Azərbaycan Bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımızın Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandıqlarını, idmançılarımızın da Şəhidlik zirvəsinə ucalaraq qanları tarix yazdıqlarını vurğulayıb. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək qocaman idmançılar başda olmaqla, bütün idmançıları, festival iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. C.Rüstəmov suveren, müstəqil, müasir Azərbaycanın vətəndaşları olaraq bu cür idman festivallarında iştirak etdiyimizə görə ilk növbədə canlarını bu amal uğrunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduğumuzu vurğulayıb. C.Rüstəmov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə idmanın inkişafı istiqamətində hər zaman mühüm işlər görüldüyünü, İdman Komplekslərinin, zallarının inşa olunduğunu, idmançıların yüksək səviyyədə idmanla məşğul olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib. Natiq ölkəmizdə digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan Bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşıldığını bildirib. 

Tədbirdə SSRİ idman ustası, Əməkdar məşqçi, idman xadimi və Prezident təqaüdçüsü Ramiz Tağıyev, Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov və başqaları çıxış edərək veteran idmançılar başda olmaqla, bütün idmançıları 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Respublika Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il 5 mart tarixi ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Respublikada idmanın inkişafı ildən-ilə geniş vüsət alır və Azərbaycan dünya miqyasında güclü idman ölkəsi kimi tanınır. Məlumat verilib ki, ölkəmizdə bu günün 5 martda qeyd olunması təsadüfi deyil. 1995-ci ilin martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüş keçirərək İdman Fondunu təsis edib və bədən tərbiyəsi ilə idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. İdman siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idmanın inkişafı istiqamətində mühüm addımlar atılır, idman kompleksləri və zalları inşa olunur, idmançıların yüksək səviyyədə məşqləri üçün hər cür şərait yaradılır. Çıxışlarda 2026-cı ildə Bakının dünyanın "İdman Paytaxtı", Qazax rayonunun isə Azərbaycanın "İdman Paytaxtı" seçilməsi barədə məlumat verilib.

Tədbir zamanı müxtəlif idman növləri üzrə respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş idmançılar, məşqçi-müəllimlər, bədən tərbiyəsi və idman sahəsinə dəstək verən şəxslər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edilib.

Sonda idmançılara uğurlar arzulayaraq Azərbaycanın Dövlət Bayrağını daim yüksəklərdə dalğalandırmaları diləyi ilə tədbir yekunlaşıb.

Festival çərçivəsində sərbəst güləş, cüdo, ağırlıqqaldırma, boks, karate, qol güləşi, şahmat, stolüstü tennis və basketbol üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Ümumilikdə, 9 idman növü üzrə keçirilən çıxışlarda 150 idmançı iştirak edib.

Keçidlər