Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman festivalı keçirilib
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Hazırda Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub. Martın 5-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman festivalı keçirilib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, idarənin əməkdaşları, rayonda fəaliyyət göstərən idman ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra Qazax Olimpiya İdman Kompleksində davam edən festivalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını, qocaman idmançılar başda olmaqla, bütün idmançıları rayon rəhbərliyinin adından salamlayıb, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. M.Alıyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə idmanın inkişafı istiqamətində hər zaman mühüm işlər görüldüyünü, İdman Komplekslərinin, zallarının inşa olunduğunu, idmançıların yüksək səviyyədə idmanla məşğul olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib. M.Alıyev rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan Bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşdığını, daim idmançılarla görüşdüyünü söyləyib. Müavin daim Azərbaycan Bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımızın Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandıqlarını, idmançılarımızın da Şəhidlik zirvəsinə ucalaraq qanları tarix yazdıqlarını vurğulayıb. M.Alıyev Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etdiyini, belə bir ildə Ümummilli Liderin ideyalarına sadiq idmançılarımızın əzmkarlıq nümayiş etdirərək üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandıracağını və Dövlət Himnimizi səsləndirəcəyini söyləyib. Bu yolda idmançılara bir daha uğurlar arzulayıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, xoş arzularını bildirib. V.Nəbiyev idman sahəsində əldə edilən bütün bu uğurların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olduğunu qeyd edib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturunun qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırdığını diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin idmançılara göstərdikləri qayğının onlarda böyük ruh yüksəkliyi yaratdığını, daha böyük uğurlara sövq etdiyini söyləyib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Sahib Namazov çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, 2022-ci ildə Qazax idmançılarının qazandığı nailiyyətlərdən söz açıb. S.Namazov ümumilikdə rayon idmançılarının ötən il respublika səviyyəli yarışlarda 35 qızıl, 20 gümüş, 15 bürünc medal olmaqla, 70 medal əldə etdiklərini söyləyib. Beynəlxalq miqyaslı yarışlarda 3 qızıl, 3 gümüş, 7 bürünc medal olmaqla, 13 medal qazandıqlarını vurğulayıb. Növbəti ildə idmançılara yeni-yeni nailiyyətlər əldə etməyi arzulayıb.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Ramiz Tağıyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Bəsti Ələkbərova, Yunan-Roma güləşi üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Taryel Nəsibov, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri, Qol güləşi üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Azər Əliyev çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, xoş arzularını çatdırıblar. Çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkəsinə çevrildiyini vurğulayıblar. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqətin ildən-ilə daha da artdığını söyləyiblər. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman Komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bunun əyani sübutu kimi qeyd ediblər. Sonda bir daha idmançılara uğurlar diləyib, üçrəngli Azərbaycan Bayrağını daim yüksəklərdə dalğalandırmağı arzulayıblar.
Festivalda sərbəst güləş, cüdo, ağır atletika, futbol, həndbol, boks, karate, qol güləşi, taekvondo, sambo, kyokşinkaykan karate idman növləri üzrə nümunəvi çıxışlar olub. Ümumilikdə 11 idman növü üzrə olan çıxışlarda 130 idmançı iştirak edib. Nümunəvi çıxışlarla tanış olan qonaqlar sonda idmançılarla xatirə şəkli çəkdiriblər.