Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər” adlı tədbir keçirilib
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərdən artıq 4 il ötür. O Zəfər, Qələbə ki, 44 gündə qazanıldı. 44 gündə igid Vətən oğulları otuz il işğal altında qalan torpaqlarımızı azad edərək hərb tariximizin qəhrəmanlıq dastanını yazdılar. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Növbəti tədbir noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər” mövzusunda keçirilən tədbirdə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, nailiyyətdən geniş söhbət açılıb.
YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.