Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib

07 noyabr 2023 | 19:11

Bu gün qürurla söyləyə bilərik ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk edildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 2020-ci il noyabrın 8-i Azərbaycanın tarixinə Zəfər Günü olaraq daxil oldu. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Həmin silsilə tədbirlər çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoru, Qazax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 3-7 noyabr tarixlərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

Qazax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində 85 nəfər yarışçının iştirakı ilə keçirilən birincilikdə 16 yaşadək oğlan və qızlar iştirak ediblər.

Noyabrın 7-də qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, şəhid ailələri, Qazax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllim heyəti və gənc şahmatçıları, valideynlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. N.Hüseynov milli yaddaşımıza xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazılan 8 noyabrın, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin illər keçsə də heç zaman unudulmayacağını söyləyib. Bu Zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar olduğumuzu vurğulayıb. N.Hüseynov Qazax rayonunda idmançılara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 8 Noyabr – Zəfər Gününə həsr olunmuş birinciliyin keçirilməsində əsas məqsədin tarixi Qələbəmizi gələcək nəsillərə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini anmaq olduğunu qeyd edib. Müxtəlif yaş qrupları üzrə 18 nəfərin birinciliyin qalibi olduğunu vurğulayıb. Həmçinin, 15-22 oktyabr tarixlərində Gəncə şəhərində keçirilən Respublika Birinciliyinin zona yarışlarında iştirak edən məktəbin şahmatçılarından 5 nəfərin Respublika Birinciliyinə vəsiqə qazandığını söyləyib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb. M.Alıyev 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifəsi, ən əzəmətli günü olduğunu, son 200 il ərzində ilk dəfə olaraq ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdiyimizi söyləyib. Birinci müavin 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində işğalda olan torpaqlarımızın azad edildiyini, bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımızın dalğalandığını qeyd edib. Xalq olaraq bu qələbələrə görə Ali Baş Komandana, Azərbaycan Ordusuna, xalqımıza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Şanlı Zəfəri, tarixi Qələbəni gələcək nəsillərə ötürən bu cür tədbirlərin keçirildiyi müddətcə şəhidlərimizin unudulmayacağını qeyd edib.

Sonra I,II,III yeri tutan qaliblərə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Diplom təqdim edilib. Sonda idmançılarla xatirə şəkli çəkdirilib.

Keçidlər