Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevə həsr edilmiş “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub
Oktyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, Vətən müharibəsi şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsinə həsr edilmiş “O, bizim Adildi” kitabının təqdimat mərasimi olub.
Qəhrəman şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şəhid ailələri, qazilər, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində şəhid məzunlar - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Əhmədov Elvin Qələndər oğlunun xatirəsinə tikilən bulağın önünə tər qərənfillər düzərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.
Sonra məktəbin foyesində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilib.
Məktəbin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Şəhid Adil Əfəndiyevə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, qəhrəman şəhidimizə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. 2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına şanlı zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda Azərbaycanın qəhrəman oğulları şəhid oldu, qazi oldu. Vətən müharibəsində qani ilə tarix yazdı igidlərimiz. Bu qalibiyyət üçün biz suverenliyimizin təminatçısı olan şəhidlərimizə, qazilərimizə borcluyuq. Həmin qəhrəmanlar bizim qəlbimizdə, ruhumuzda, yazılan əsərlərdə, musiqilərdə, kitablarda ölməzlik qazanıblar. Aparıcılar Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qazaxda şəhidlərimiz haqqında “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” kitablarının yazılaraq şəhid ailələrinə, oxuculara təqdim edildiyini diqqətə çatdırıblar. Qələmə alınmış bu kitablar, eləcə də bu gün təqdimatı keçirilən “O, bizim Adildi” adlı kitab sayəsində gələcək nəsillərin qəhrəman Vətən oğullarını yaxından tanıyacaqlarını, onlardan örnək götürəcəklərini, Vətəni onlar kimi sevəcəklərini vurğulayıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, dəyərli şəhid ailələrini salamlayıb, qəhrəman Vətən oğullarına və şanlı zəfərimizin beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnun olduğunu, qürur duyduğunu söyləyib. Bugünkü tədbirdə iştiraklarına görə iştirakçılara razılığını ifadə edib. Rayon rəhbəri 8 Noyabr - Zəfər Günü münasibətilə bu günü xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin ata və analarını, əzizlərini, yaxınlarını, qazilərimizi, tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini bölüşüb. “Hər bir şəhid bizim üçün doğmadır, əzizdir, bizim üçün canlı bir əfsanədir. Onlar bizim varlığımızdır”, - deyən icra başçısı Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin timsalında igid Vətən oğullarını ehtiramla anıb. Rayon rəhbəri qalib ölkənin qalib vətəndaşları olaraq 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, bu yolda canlarını fəda edən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə qürur duyduğumuz kimi, həm də özümüzü onlara borclu və minnətdar hiss etdiyimizi vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsində Adil və onun kimi qəhrəman şəhidlərimiz canlarını torpaq uğrunda fəda etməklə bu torpağı göz bəbəyi kimi qorumağın hər birimiz üçün ən ümdə vəzifə olduğunu nümayiş etdirərək gələcək nəsillərə örnək oldular. “Əziz şəhid ailələri yaxşı ki, sizlər varsınız və belə qəhrəman övladlar böyütmüsünüz”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların valideynləri ilə də qürur duyduğumuzu, onlara borclu olduğumuzu dilə gətirib. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizin ünvanına səmimi ürək sözlərini bölüşüb. “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz qürurlu xalqıq, qürurlanmağa haqqımız var. Çünki biz qalib xalqıq. Bu qalibiyyəti bizə şəhidlərimiz, igidlərimiz, Ali Baş Komandanımız qazandırdı. Bu gün bu qəhrəman oğullarımızın əziz xatirəsini yaşatmaq üçün bulaqlar inşa olunur, küçə adları verilir, kitablar yazılır və yenə də yazılacaqdır. Adil haqqında yazılmış bu kitab da həmin silsilə kitablardan biridir. “O, bizim Adildi” kitabının adında səsləndiyi kimi Adil Əfədiyev hər birimizin, bütün Azərbaycan xalqının övladıdır”, - deyə şair Barat Vüsal fikirlərini dilə gətirib. Şair igid Vətən oğluna həsr etdiyi “Adil bulağı” adlı şeiri səsləndirərək şəhidimizi bir daha ehtiramla anıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazisi kimi səmimi ürək sözlərini çatdırıb, şanlı zəfərimizə gedən 44 gündə yaşanan anlardan söz açıb. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə bütün dünyaya güclü, qüdrətli Azərbaycanı, vətənpərvər oğullarımızı tanıtdığımızı söyləyib. S.Çobanov vurğulayıb ki, Qazax rayonunun 348 nəfər şəhidi vardır. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi, 49 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz isə 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər şəhid müxtəlif adda 226 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 74 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 250 nəfər hərbi qulluqçu ümumilikdə, müxtəlif adda 617 ədəd orden və medallarla (onlardan 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 3 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicad Bədəlov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. S.Çobanov Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” kitablarının çap edildiyini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa olunduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə guşəsinin yaradıldığını, Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu bildirib.
44 günlük Vətən Müharibəsi Qərhəmanı, şəhid, polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. Övladını döyüş meydanında xilas edərkən Şəhidlik zirvəsinə ucalan igid bir oğulun adı ilə bağlı olan bir tədbirdə iştirak etdiyi üçün qürur duyduğunu söyləyib. Vətən Müharibəsi Qərhəmanı Anar Əliyevin atası kimi iştirakçıları 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, bu günü xalqımıza bəxş edən Müzəffər ordumuza, ordumuzun sərkərdəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğunu dilə gətirib. “İgid oğullarımız 30 il düşmən tapdağında qalan torpaqlarımızı 44 gündə azad etdilər, 44 gündə qələbə çaldılar, qisas qiyamətə qalmadı. 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı suverenliyimiz tam bərpa olundu. Bu, biz şəhid ailələri üçün təsəlli, qəhrəman oğullarımızla qürur duymaq üçün ən mühüm amildir”, - deyən şəhid atası şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Övladı Anar Əliyevin döyüş meydanında göstərdiyi igidlikdən, Adil Əfəndiyevlə bağlı xatirələrdən, onların necə birgə Şəhidlik zirvəsinə ucalmasından söz açan şəhid atası onlarla qürur duyduğunu söyləyib. Şəhid atası şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərlərinə minnətdarlığını bildirib.
Şəhidin tələbə yoldaşı, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, tibb xidməti kapitanı Cəmaləddin Mikayıllı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bu günün onun üçün xüsusi gün, eyni zamanda, çətin bir gün olduğunu qeyd edib. “Adil mənim təkcə qrup yoldaşım deyildi, həm də bizim səkkiz illik bir dostluq münasibətimiz vardı. Bu gün qürurlanıram ki, artıq mən Adilin böyüyüb boya-başa çatdığı torpaqda xidmətimi davam etdirirəm, həmçinin övladlarım Adilin vaxtilə təhsil aldığı məktəbdə təhsil alırlar. Adil adının mənasını öz üzərində daşıyan bir insan, hərbçi idi. Çox dürüst, səmimi, doğru bir insan idi. Adili indi biz qəlbimizdə, qələmə alınan saysız-hesabsız kitablarda yaşadacağıq. Adil kimi oğullar, Adil kimi oğulları böyüdən Afət kimi analar, Qədir dayı kimi atalar var olduğu müddətcə bu millətin, bu dövlətin heç vaxt başı aşağı olmayacaq ”, - deyən C.Mikayıllı Adillə bağlı xatirələrini bölüşüb.
“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Xəyal Əlizadənin anası Xatirə Xəyal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bir şəhid anası kimi, eyni zamanda, bir qazi bacısı kimi Adillə bağlı keçirilən tədbirdə iştirak etdiyi üçün, adına yazılmış kitabda xatirə yazısının yer aldığı üçün qürurlandığını dilə gətirib.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazaxın igid oğlu gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək şanlı zəfərimizin 5 illiyi ərəfəsində belə bir tədbirdə iştirak etdiyi üçün razılığını ifadə edib, bu tədbirin ərsəyə gəlməsində əziyyəti keçən insanlara minnətdarlıq edib. Şəhid atası 44 gündə xalq-ordu birliyinin şahidi olduğunu, məhz bu birlik sayəsində qələbə qazanmağımzın qaçılmaz olduğunu söyləyib. “Bu gün xalqımız şəhidlərimizi, onların ailələrini unutmur. Başda dövlətimiz, Müzəffər Ali Baş Komandanımız olmaqla hər kəs bizə qayğı göstərir”, - deyə şəhid atası bir daha razılıq edib.
Şəhidin bacısı Nərmin Əfəndiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözləri bölüşüb. “Bu gün mən həm qürurluyam, həm də kədərliyəm. Qürurluyam ona görə ki, mən Adil kimi bir qardaşın bacısıyam. 44 günlük Vətən müharibəsində adını tarixə yazan bir oğulun bacısıyam. Kədərliyəm ona görə ki, Adil kimi qardaşı itirmişəm. Bu gün təqdimatına toplaşdığımız bu kitab təkə bir kitab deyil, bu kitab bir igidin, qəhrəmanın ömrüdür, onun yarım qalan arzularını, xəyallarını, Adil haqqında xatirələri yaşadır özündə. Bu kitabda yazılan məqalələrin hər sətrində mənim qardaşımın səsi, ətri duyulur. Bu kitab bizdən sonra gələn nəsillərə bir örnək olacaq. Mənim qardaşım Vətənin daşı oldu, Vətənin hər qarışının azadlığı üçün canından keçərək adını tarixin və xalqının yaddaşına yazdı. Biz Adillə orta məktəbdə oxuyanda düşmən tapdağında qalan torpaqlarımızın işğal tarixlərini öyrənirdik. Bu gün isə bizdən sonra gələn nəsillər qardaşım Adil və onun kimi neçə-neçə qəhrəmanın canı, qanı bahasına işğaldan azad olunduğu tarixləri öyrənəcəklər ”, - deyən şəhid bacısı fikirlərini bölüşüb.
“Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Acil şöbəsinin müdiri əvəzi Hafiz Kərimov çıxış edərək Adil Əfəndiyevlə bağlı xatirələrini bölüşüb.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-liseyin tarix müəllimi Arzu Abbasova çıxış edərək Adil Əfəndiyevin məktəb illərindən söz açıb, 25 illik qısa, lakin şərəfli bir ömür yaşayan Adillə bağlı fikir bildirməyin, xatirə bölüşməyin qürurlu olduğu qədər də çətin olduğunu vurğulayıb.
Şəhidin sinif yoldaşı Seymur Çobanov çıxış edərək Adilin öz dürüstlüyü, sadiqliyi, cəsarəti ilə insanların qəlbində dərin iz buraxdığını söyləyib. Adillə bağlı xatirələrini bölüşən S.Çobanov onun kimi bir insanı tanıdığı üçün özünü şanslı hesab etdiyini bildirib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim otolarinqoloq Gültac Qədimalıyeva çıxış edərək 44 günlük Vətən müharibəsindən, bu müharibədə şanlı tarix yazan qəhrəman oğulların şücaətindən söz açıb. Adilin həm həkim kimi, həm də hərbçi kimi öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyini söyləyib. Adilin Vətən qarşısında olan borcunu canı bahasına yerinə yetirməsini gələcək nəsillərin unutmayacağını qeyd edib.
Şairə Asimə Hüseyn, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu qəhrəman Vətən oğluna həsr etdikləri şeirləri səsləndirərək əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsinə həsr edilmiş “O, bizim Adildi” kitabının ərsəyə gəlməsindəki əməyinə görə kitabın müəllifi Əzimova Xuraman Yusif qızına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.
Qəhrəman Vətən oğlunun xatirəsinə yazılmış kitabın müəllifi Xuraman Yusif çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. X.Əzimova öncə Qazaxda aparılan abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Şəhid Adil Əfəndiyevin xatirəsinə həsr edilmiş kitabın belə yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsini həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. X.Əzimova igid Vətən oğlu ilə bağlı kitabın yazılmasını məhz ona həvalə etdiklərinə görə şəhidin valideynlərinə təşəkkür edib. Kitabın necə ərsəyə gəlməsindən, yazılmasından söz açan müəllif bu kitabı yazmaqda məhz Adilin ruhunun ona dəstək olduğunu, güc verdiyini qeyd edib. Kitabın adının təsadüfən seçilmədiyini, Adiln hər kəsin övladı olduğunu, elə ona görə də kitaba hər kəsin rahatlıqla xitabən “O bizim Adildi” söyləyəcəyi bir adın verildiyini, ən önəmlisi də kitabın adını Adilin özünün söylədiyini vurğulayıb.
Şəhid anası Afət Əhmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Adilin əvvəl ailəsinin övladı olduğunu, bu gün isə Vətənin, bütöv Azərbaycanın övladı olduğunu söyləyib. Vətənin övladı olan Adillə hər zaman qürur duyduğunu dilə gətirib. Şəhid anası kitabın ərsəyə gəlməsində əziyyəti olan müəllifə, eləcə də bugünkü təqdimat mərasiminin yüksək səviyyədə keçirilməsinə görə əməyi keçən insanlara, şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhid atası Qədir Əfəndiyev çıxış edərək öz növbəsində tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Övladının həyatını, qısa ömrünü kitab şəklində ailəsinə təqdim edən müəllifə təşəkkür edən şəhid atası bu kitabla Adilin bir ömür boyu yaşayacağını vurğulayıb. Şəhid övladının adına yazılmış kitabın belə yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsinə görə rayon rəhbərliyinə razılığını ifadə edən şəhid atası bu diqqəti Adilin xatirəsinə olan ən böyük ehtiram kimi dəyərləndirib. “Bu gün qürurluyam ki, Azərbaycanımız bütöv və suverendir. Qürurluyam ki, üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarda dalğalanır. Qürurluyam ki, İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var”, - söyləyən şəhid atası şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, cansağlığı diləyib.
Aşıq Samir Cəlaloğlu Ruhani saz havasında “Türkəm” şeirini səsləndirib. Daha sonra Yanıq Kərəm musiqisini ifa edib.
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb.
Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.







