Qazaxda “Abu-Life Group” MMC-yə məxsus yeni ticarət mərkəzi istifadəyə verilib
Müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə azad sahibkarlığın inkişafına daim diqqət göstərirdi. Çünki o, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı.
Bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Aprelin 28-də Qazax şəhəri Heydər Əliyev prospekti 60 ünvanında yerləşən “Abu-Life Group” MMC-yə məxsus yeni ticarət mərkəzinin istifadəyə verilməsi dediklərimizin bariz nümunəsidir. Elektronika və mebel məhsullarının sərgiləndiyi yeni ticarət mərkəzi rayon sakinləri üçün növbəti töhfədir.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, “Abu-Life Group” MMC-nin direktoru Elmar Mirzəyev, “Abu-Life Group” MMC-nin rəhbərliyi tərəfindən dəvət olunmuş iş adamları, qonaqlar, rayon sakinləri və KİV nümayəndələri iştirak edib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək rayon sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni ticarət mərkəzinin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mərkəzin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. Son illər ölkə Prezidentinin qayğısı sayəsində rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı rayonlardan birinə çevrildiyini bildirib. Rayonda yeni sosial obyektlərin, bankların, ticarət mərkəzlərinin istifadəyə verilməsinin bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, vaxtilə az sayda işçi qüvvəsi olan sahibkarlıq obyektləri istifadəyə verilirdisə, bu gün “Abu-Life Group” MMC-yə məxsus 50 nəfərdən çox insanın çalışdığı yeni ticarət mərkəzi istifadəyə verilir. Rayon rəhbəri şəhərin mərkəzində, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən və öz görkəmi ilə seçilən yeni ticarət mərkəzinin istifadəyə verilməsini rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisi kimi qiymətləndirib. Bunun arxasında dövlətin, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sahibkarlara göstərdikləri qayğının dayandığını bildirib. Sonda icra başçısı rayonda bu cür ticarət mərkəzlərinin sayının çox olmasını arzu edib, “Abu-Life Group” MMC-nin kollektivinə uğurlar arzulayıb.
“Abu-Life Group” MMC-nin direktoru Elmar Mirzəyev çıxış edərək tədbir iştirakçılarını və rayon rəhbərliyini salamlayıb, iştiraklarına görə minnətdarlıq edib. “Abu-Life Group” MMC-nin hər bir uğurunun qazaxlıların gözü qarşısında baş verdiyini bildirib və bu uğuru qazaxlıların uğuru kimi qiymətləndirib. E.Mirzəyev iqtisadi siyasətin bir hissəsi olan sahibkarlığın inkişafına göstərilən qayğıya, sahibkarlara yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə minnətdalığını bildirib. Sahibkarlar üçün yaradılan şərait və şəffaf mühitin təmin edilməsi sayəsində bu gün ölkəmizdə sahibkarlığın inkişaf etdiyini qeyd edib. Ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının Qazax rayonunda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. E.Mirzəyev sahibkarlara verdiyi maliyyə dəstəyinə görə Bank Respublika və Yelobanka təşəkkürünü ifadə edib.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları ticarət mərkəzində yaradılan şəraitlə, təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.