Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Ailə siyasətinin formalaşdırılmasında Heydər Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti” adlı tədbir keçirilib

14 may 2025 | 22:37

Mayın 14-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə siyasətinin formalaşdırılmasında Heydər Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti” adlı tədbir keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, Qazax şəhər sakinləri, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Əfəndiyev Qədir Fərid oğlu və anası Əfəndiyeva Afət Zeynal qızı, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin direktor və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ailə dəyərlərinə həsr olunmuş ”Heydər Əliyev və ailə modeli” filmi nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova rayonda nümunəvi ailələrdən biri olan və qəhrəman oğul böyüdən Əfəndiyevlər ailəsinə bugünkü tədbirdə iştirak etdiklərinə görə razılığını ifadə edib. Müavin Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə siyasətinin formalaşması istiqamətində formalaşdırdığı ardıcıl və məqsədyönlü fəaliyyətindən bəhs edən məruzəsində bildirib ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlayaraq hər il dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə  2008-ci ildən qoşulub. Min illik arzularını gerçəkləşdirən, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi. Ulularımızın qoruyub saxlayaraq bu günə qədər gətirib çıxartdıqları ailə ənənələri, milli-mənəvi dəyərlərimiz deqradasiyaya uğramış, dünyada nümunə olan ailə institutumuza zərər dəymişdi. Ulu Öndərin  Azərbaycana rəhbərliyə  qayıtması ilə ailə münasibətlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, sosial rifahın gücləndirilməsi sahəsində qətiyyətli dönüş yaranmış, hər bir Azərbaycan ailəsinin taleyinə xüsusi həssaslıqla və qayğı ilə yanaşılmış, ailə dəyərlərimizin qorunaraq layiqincə yaşadılması üçün mühüm işlər görülmüşdü. Çünki cəmiyyətin və dövlətin inkişafı güclü təməli olan  ailədir. Heydər Əliyev Azərbaycanda ailə ənənələrinin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaratmış, bu işdə dəstəyini xalqdan əsirgəməmişdi. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhtəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. Ümummilli Liderin müəllifi olduğu Azərbaycan Konstitusiyasında da ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə təsbit edilib. 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da müəyyən olundu. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələ kimi vacib sayan Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan, qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərmişdir. Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun məhz bu istiqamətdə fəaliyyətin  nümunələrindəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan cənab Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyəti  çox yüksək səviyyədə özünü göstərməkdədir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmış, Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları", "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri həll olunmuş, həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda, onlar sosial və iqtisadi həyatda iştiraka cəlb edilmiş, qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi", "Azərbaycan gəncliyi", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramıları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanları yaratmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşmış, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbul olunmasında Mehriban xanım Əliyavanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondunun da bu sahədə genuşmiqyaslı fəaliyyəti danılmazdır. Artıq 20 ildən çoxdur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tikilən xəstəxanalar, məktəblər, internat evləri qadınların və uşaqların sağlamlığının müdafiəsinə, onların daha keyfiyyətli təhsil almasına şərait yaratmaqdadır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən genosid haqqında məlumatların dünyaya yayılmasında və təbliğ olunmasında Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın rolu çox böyükdür. Ulu Öndərin əziz xatirəsinə ehtiram olaraq yaradılmış Fond onun arzu və ideyalarının yaşaması və gerçəkləşməsində mühüm yer tutur.

Tədbirə nümunəvi ailə qismində dəvət edilən Qazax şəhər sakinləri, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə xüsusi fərqlənən, nümunəvi və uzunömürlüyü ilə seçilən ailələrimiz çoxdur. Təkcə bu tədbirdə deyil, şəhid ailəsi kimi hər zaman onlara yüksək səviyyəli diqqət və qayğı göstərilib və bu gün də göstərilməkdədir. Azərbaycan coğrafiyası zaman-zaman qonşu dövlətlər tərəfindən parçalanıb işğal altına alınıb. Xalqımızın uzun illər Azərbaycan Respublikasından kənarda – tarixi düşmənimiz olan ermənilərin siyasi və sosial basqısı altında yaşaması və 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minillər boyu yaşadıqları ata-baba yurdlarından vəhşicəsinə deportasiyası və Qarabağ münaqişəsi nəticəsində insanlarımızın Qarabağdakı doğma yurdlarından qovulub çıxarılması xalqımızın ailə dəyərlərinə sarsıdıcı zərbə vurmuş olsa da, Ulu Öndər ideyalarına sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənc nəsil milli ənənələrə, mənəvi dəyərlərə sadiq oldular, milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edildilər, öz ailələrinin, dövlətlərinin, xalqının və millətinin adını uca tutdular. Bu gün hər bir azərbaycanlı yüksək ailə dəyərlərini nümayiş etdirərək Vətənini düşməndən qoruyan, düşmənə qan udduran igid, qəhrəman oğulları ilə fəxr edir. Ölkəmizin hər yerində onlara, onların ailələrinə dövlət qayğısı, dövlət dəstəyi ən yüksək səviyyədə özünü göstərməkdədir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, dövlətin milli inkişafında mühüm rol oynayan ailə Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı olmuşdur. Müstəqil Azərbaycanın dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanmış və mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, milli mentalitetimizi təcəssüm etdirmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bütün həyatı və siyasi fəaliyyəti gələcək nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. O, hər zaman ailə dəyərlərinə xüsusi qiymət vermiş və hörmət bəsləmişdir. Azərbaycan xalqının sadiq oğlu Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Ulu Öndər Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Məhz buna görə hər zaman Azərbaycanda ailə adətlərinin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev deyirdi ki, ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. Görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O, deyirdi: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır". Ona görə də "dövlətin ailə siyasəti" sosial siyasətin aparıcı sahəsi olmalı, ailəni hər zaman hifz etməlidir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifəni yerinə yetirməklə, Ulu Öndərin ruhunu da şad etmiş oluruq.

Təqaüddə olan həkim Şölə Mustafayeva, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Bəsdi Məmmədova, Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz Regional Bölməsinin əməkdaşı Aytac Sanıyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin psixoloqu Şahlıq Mustafayeva, Bakı Dövlət Universitetinin Qazax filialında pedaqoji fənnlər kafedrasının müəllimi Gülnar Abdullayeva Azərbaycan ailə modeli, uğurlar, problemlər mövzusunda geniş çıxışlar ediblər. Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. İnsanın mənəviyyatını hər şeydən uca tutan, daxili zənginliyini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifəni yerinə yetirməklə, Ulu Öndərin ruhunu da şad etmiş oluruq. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur, o zaman əbədiləşir, şöhrət qazanır, o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, Vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Nə xoşbəxt xalqıq ki, Azərbaycanda, Vətənimizdə belə nümunəvi ailələr var, olubdur və olacaqdır. Çünki Azərbaycan məhz bu ailələrin işığında yeni qələbələrə imza atır.

Keçidlər