Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan gizir Elvin Əhmədovun vaxtilə yaşadığı ev təmir olunub

11 iyun 2024 | 19:03

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.

Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.

Ötən yazılarımızda qəhrəman şəhidimiz - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuş Əhmədov Elvin Qələndər oğlunun evinin təmir olunması barədə məlumat vermişdik. İgid Vətən oğlunun evinin dam örtüyünün dəyişdirilməsi, evində və həyətində aparılacaq təmir işləri, şəhidimizin xatirəsini əbədiləşdirən otağın ayrılması və guşənin yaradılması, eləcə də digər işlər barədə qeyd etmişdik. Artıq qəhrəman şəhidimizin evində təmir işləri başa çatıb. Bu, dövlətimiz, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən növbəti qayğıdır.  

İyunun 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, digər aidiyyəti şəxslər şəhidimizin təmir olunmuş evində olub, şəhid ailəsinin xoş gününə şahidlik ediblər. 

İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. Şəhid ailəsi ilə görüşən icra başçısı səmimi ürək sözlərini bölüşüb, xoş arzularını səsləndirib. İcra başçısı Rəcəb Babaşov şəhidimizin evinin təmir olunmasında zəhməti keçən hər kəsə minnətdarlığını bildirib, razılıq edib. Şanlı Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu qeyd edən rayon rəhbəri Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin qürur duyduğunu vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Elvin, Ramin, İlham, Fərid, Akşin kimi oğullarımızın heç zaman unudulmayacağını, nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Rayon rəhbəri ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Şəhid anası Təranə Əhmədova ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Elvinin boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasına görə əziyyəti keçən insanlara razılıq edib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə təşəkkür edib, bu gün dövlətin şəhid ailələrinə olan qayğısını Elvinin ailəsinin timsalında aydın şəkildə gördüyünü söyləyib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi qiymətləndirib.

Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsində gizir rütbəsi daşımışdır. 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var.

Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Qələndər oğlu Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən, şəhər ərazisində adsız olan küçələrdən birinə Elvin Əhmədovun adı verilmişdir.

Keçidlər