Qazaxda aparılan abadlıq işləri bu gün də davam etdirilir
Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün bölgələri gündən-günə inkişaf edir. Son dövrlər böyük tikinti meydançasını xatırladan Qazax rayonu da respublikamızın ildən-ilə, gündən-günə abadlaşan rayonlarından birinə çevrilib. Bunu ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasından, səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından aydın şəkildə görmək olar. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Rayonda aparılan abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb. Hazırda şəhərin Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində su-kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün abadlıq işlərinin aparılması, MİS-in balansında olan Zeynalabdin Tağıyev 22 ünvanında yerləşən birmərtəbəli binanın dam örtüyünün yenilənməsi, Səməd Vurğun küçəsində sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün səkilərə tamet döşənməsi, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda abadlıq işlərinin aparılması rayonda abadlıq işlərinin bundan sonra da davam etdirilməsi deməkdir.
Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.