Qazaxda arpa biçini davam edir
Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq həm əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyir, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.
Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.
2022-ci ildə Qazaxda 11364,20 hektar sahədə taxıl əkilib ki, bunun da 4876,60 hektarı buğda, 6487,60 hektarı arpa sahəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da artıq xeyli vaxtdır ki, arpa biçininə başlanılıb. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən bol məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə 25 ədəd kombayn cəlb edilib.
Bu günə kimi 6487,60 hektar arpa sahəsinin 4533,00 hektarında biçin aparılıb. Sahələrdən 14475,00 ton arpa toplanıb. Hələlik hər hektardan orta məhsuldarlıq 31,9 sentner təşkil edir. Qalan sahələrdə isə biçin işləri sürətlə davam etdirilir.